Avropa ABŞ olmadan Rusiyaya qarşı mübarizə apara bilərmi?

DÜNYA
12:10 / 07.01.2026
117

Əgər Rusiya 2027-ci ildə NATO ölkələrindən birinə, məsələn Latviyaya hücum etsə və ABŞ müharibədə iştirakdan imtina etsə, Avropa Rusiyaya yalnız qısa müddətli müharibə şəraitində müqavimət göstərə bilər.

Hit.az xəbər verir ki, bu  nəticəyə vəziyyəti modelləşdirən London Kral Kollecinin hərbi tədqiqatlar kafedrasının professoru, Kembric Təhlükəsizlik Təşəbbüsünün akademik direktoru Devid Gio və Böyük Britaniyanın müdafiə qərargahının keçmiş rəis müavini, Kembric Universitetinin Emmanuel kollecinin müəllimi Dag Çalmers gəliblər. Onlar fikirlərini “The Economist” jurnalında bölüşüblər.

Ekspertlər mümkün ssenarini təsvir edərək bildiriblər ki, 2027-ci ilin martında Rusiya zirehli bölmələri Latviyanın Rezekne yaxınlığında sərhədi keçərək dəmir yolu stansiyasını ələ keçirir və əhalisinin yarısı etnik ruslardan ibarət olan ölkənin ikinci böyük şəhəri Dauqavpils istiqamətində irəliləyir.

“Onların məqsədi Moskvanın rusdilli icmaların müdafiəyə ehtiyacı olduğu bəhanəsi ilə kiçik bir ərazini ələ keçirməkdir. Rusiya qoşunları sürətlə möhkəmləndirilmiş mövqelər qurur və mobil HHM sistemləri yerləşdirir, prezident Vladimir Putin isə NATO-nun necə reaksiya verəcəyini gözləyir”, deyə müəlliflər yazırlar.

Ssenariyə əsasən, ABŞ prezidenti Donald Tramp bəyan edir ki, Amerika “əslində onsuz da rus torpağı” adlandırdığı Latviyanın kiçik bir hissəsi uğrunda döyüşməyəcək. Onun fikrincə, Rusiya müharibə aparmaq üçün həddən artıq güclüdür və Avropanın zəifliyi bu işğalı faktiki olaraq təhrik edib.

“Latviyada bu uydurma ərazi zəbtinin özü NATO-nu əvvəllər ağlasığmaz görünən sual üzərində düşünməyə vadar edir: Alyans Amerika olmadan Rusiyanın hücumunu çəkindirə və sonradan dəf edə bilərmi?” deyə məqalədə qeyd olunur.

Avropa qısa müharibə apara bilər

Müəlliflərin sözlərinə görə, ABŞ qoşunları olmadan NATO-nun qələbə nəzəriyyəsi bir reallığın qəbulundan başlayır: Avropa qısa müharibə apara bilər, lakin uzunmüddətli müharibəni yox.

“ABŞ-ın təmin etdiyi ağır nəqliyyat vasitələri, havada yanacaq doldurma imkanları, hava idarəetmə və nəzarət sistemləri, peyk kəşfiyyatı və dərin sursat ehtiyatları olmadan Avropanın intensiv döyüş əməliyyatlarını davam etdirmə qabiliyyəti bir neçə həftə ərzində tükənəcək”,  deyə Devid Gio və Dag Çalmers vurğulayıblar.

Onlar bildiriblər ki, bu, Avropanın mütləq məğlub olacağı anlamına gəlmir. ABŞ-sız Avropa böyük demoqrafik və iqtisadi üstünlüklərə malikdir. Lakin problem ondadır ki, Rusiya iqtisadiyyatı və cəmiyyəti artıq müharibə rejiminə uyğunlaşdırılıb. NATO-nun Avropa ölkələrinin işğalçılara tez bir zamanda qarşılıq verə bilməsi üçün təcili siyasi qərarlar qəbul etməsi, şərq cinahını sürətlə gücləndirməsi və Rusiya Avropanın sənaye və logistika imkanlarından yararlanmamış təşəbbüsü ələ alması tələb olunur.

“Təəssüf ki, Putin uzunmüddətli müharibələrə hazır olduğunu nümayiş etdirib – şərti ilə ki, Çin dəstək verir. O, demokratik rəqibləri ilə müqayisədə itkilərə və maddi qurbanlara daha az həssasdır. Əgər Kreml Qərbi Avropada daxili siyasətin laxladığını görsə, Ukraynada olduğu kimi ilkin uğursuzluqları sadəcə "yaşayıb keçə" və təzyiqi davam etdirə bilər. Müharibə nə qədər uzun çəkərsə, ABŞ-sız Avropanın ‘demokratiyanın arsenalı’ kimi şansları bir o qədər pisləşər”, deyə ekspertlər qeyd ediblər.

Onların fikrincə, müharibənin ilk mərhələsi Rusiyanın ilkin zərbəsini saxlamaq və lokallaşdırmaqdan ibarət olacaq:

“Avropa orduları, xüsusilə Polşa, Şimali Avropa ölkələri, Baltikyanı dövlətlər və Almaniya müasir silahlara, işlənmiş planlara və şərqə nisbətən tez qüvvə köçürməyə imkan verən dəmir yolu və avtomobil şəbəkələrinə malikdir. Əgər Avropa ilk günlərdə darmadağın edilməkdən yayınsa, qüvvələri artırmaq üçün kifayət qədər uzun müddət işğalı saxlaya bilər”, deyə materialda qeyd edilir.

Yarana biləcək problemlər

Gio və Çalmersin fikrincə, işğal olunmuş ərazilərin geri qaytarılması çətin olacaq. Bunun üçün Avropaya təkcə lokal üstünlük deyil, həm də Rusiyanın öz ərazisində HHM sistemlərinin susdurulması lazım gələcək ki, NATO üzvlərinin bir çoxu bu addımı atmaq istəməyə bilər. Putin bu məntiqi yaxşı anlayır və bundan istifadə edəcək.

Bundan əlavə, NATO daxilində siyasi fikir ayrılıqları dərinləşə bilər. Böyük Britaniya, Polşa, Baltikyanı və Şimali Avropa ölkələri Rusiyanı əsas təhlükə hesab etdikləri halda, Aralıq dənizi regionunun bir çox üzvləri riski daha az görür və buna uyğun olaraq daha az risk götürməyə hazırdır.

“Müxtəlif təhlükə qavrayışları NATO-nu tezliklə daha dar, döyüş gücü zəif olan "istəklilər koalisiya"sına çevirə bilər. Macarıstan və ya Slovakiyanın iştirakdan imtina etməsini təsəvvür etmək çətin deyil; NATO üzvü olan Türkiyə isə əvəzində vasitəçi roluna can ata bilər”, deyə müəlliflər bildirirlər.

Operativ imkanlar baxımından da fərqlər mövcuddur. Quruda Avropa qısa döyüş üçün nisbətən yaxşı hazırlaşıb. Havada Avropanın Rusiyadan daha yaxşı qırıcıları var, lakin uzun illər ABŞ-ın təmin etdiyi havada yanacaq doldurma təyyarələri və hava idarəetmə-nəzarət sistemləri çatışmır. Dənizdə isə Avropa eyni vaxtda Baltik və Qara dənizlərdə, eləcə də şimal istiqamətlərində üstünlük əldə etməyə çalışarkən resursları bölməli olacaq.

“Kiberməkanda Avropa nisbətən mövqeyini qoruyur, lakin kritik infrastrukturun bir hissəsi ABŞ şirkətlərinə məxsusdur və Vaşinqtonun qərarı ilə əməkdaşlıq məhdudlaşdırıla bilər. Kosmos da zəif nöqtədir. ABŞ peyk kəşfiyyatı olmadan Avropa milli resursların mozaikasına və ‘Starlink’ kimi potensial etibarsız özəl provayderlərə güvənməli olacaq”, deyə məqalədə qeyd olunur.

Müəlliflərin qənaətinə görə, Avropa təcili şəkildə öz müdafiə imkanlarına sərmayə qoymalı, müdafiə-sənaye bazasını genişləndirməli və ABŞ liderliyi olmadan hərəkət etməyə hazırlaşmalıdır. Əks halda, ABŞ-ın avtomatik yardımına arxalanmaq təhlükəli risk olaraq qalacaq.

Samir
 

0