“McDonald’s” populyar xidmətinə süni intellekt cəlb etməyi planlaşdırır

DÜNYA
13:10 / 09.01.2026
99

“Newsweek”in məlumatına görə, “McDonald’s” şirkəti 2026-cı ildən etibarən öz drive-thru xidmətlərində (müştərinin avtomobildən düşmədən məhsul almasına imkan verən xidmət növü) süni intellektə əsaslanan innovasiyalar kompleksini tətbiq etməyi planlaşdırır.

Hit.az xəbər verir ki, sifarişlərin natamam və ya səhv verilməsi səbəbindən müştərilərin narazılığının qarşısını almaq üçün süni intellektdən istifadə olunacaq. Bunun üçün “McDonald’s” hər bir yemək paketini müştəriyə təqdim etməzdən əvvəl avtomatik olaraq çəkən süni intellekt əsaslı tərəziləri tətbiq etməyi planlaşdırır.

Əgər çəki sifariş olunan məhsulların gözlənilən çəkisinə uyğun gəlməzsə, əməkdaşlar paketin tərkibini yoxlamalı və sifarişi müştəriyə verilməzdən əvvəl düzəltməli olacaqlar.

Həmçinin süni intellektə əsaslanan səsli çat-botların tətbiqi də planlaşdırılır.

Personalın üzərindəki yükü azaltmaq, sifarişlərin qəbulunu sürətləndirmək və gözləmə müddətini qısaltmaq məqsədilə “McDonald’s” “Google Cloud” ilə tərəfdaşlıq çərçivəsində süni intellekt əsasında işləyən yeni səsli çat-botlar quraşdıracaq. Bu virtual köməkçilər vasitəsilə müştərilər sifarişlərini birbaşa verə biləcəklər.

Qeyd edək ki, “McDonald’s” artıq 2021-ci ildə “IBM” ilə birlikdə süni intellekt vasitəsilə sifarişlərin qəbulunu sınaqdan keçirmişdi, lakin dəqiqlik və etibarlılıq problemlərinə görə iki ildən sonra bu təcrübəni dayandırmışdı.

Gözləmə vaxtını daha da azaltmaq üçün “McDonald’s” mobil tətbiqlərdə geozonlaşdırma texnologiyasından istifadə edən “Ready on Arrival” proqramını da genişləndirəcək. Tətbiq müştərinin yaxınlaşdığını müəyyən etdikdə, mətbəx heyəti sifarişin hazırlanmasına başlamaq üçün bildiriş alır. Bu proqram ABŞ, Yaponiya və Böyük Britaniya da daxil olmaqla əsas bazarlarda miqyaslandırılacaq.

Bundan əlavə, fiziki dəyişikliklər də nəzərdə tutulur. “McDonald’s” eyni vaxtda bir neçə müştəriyə xidmət göstərmək üçün çoxzolaqlı drive-thru sistemini tətbiq edəcək. Şirkət 2026-cı ildə əhəmiyyətli irəliləyiş gözləyir, ümummilli tətbiqin isə 2027-ci ilə qədər tamamlanması planlaşdırılır.

“New York Post”un məlumatına görə, “McDonald’s” süni intellekt əsaslı yeni drive-thru funksiyalarını 2026-cı ildə strateji bazarlarda tətbiq etməyi planlaşdırır və bu yeniliklərin ilk olaraq ABŞ-da istifadəyə veriləcəyi gözlənilir.

Samir
 

0