Oğru zərgərlik mağazasından çıxarmaq üçün "Faberge" yumurtasını udub

DÜNYA
13:56 / 09.01.2026
104

Yeni Zelandiyada bir kişi dəyəri 19 min dollar olan “Faberge” medalyon-yumurtasının oğurluğunda ittiham olunub. 

HİT.az xəbər verir ki, BBC-nin yazdığına görə, o, zinət əşyasını Oklend şəhərinin mərkəzində yerləşən “Partridge Jewellers” zərgərlik mağazasında udub.

Mağaza əməkdaşlarının bildirdiyinə görə, ziyarətçi “Faberge James Bond Octopussy” kolleksiyasına aid kulonu götürərək udub. 32 yaşlı kişi bir neçə dəqiqə sonra mağazada saxlanılıb. O, tibbi müayinədən keçirilib və hazırda nəzarət altında saxlanılır. Polis əməkdaşlarının sözlərinə görə, udulmuş zinət əşyası hələlik aşkar edilməyib.

“Guardian” nəşrinin məlumatına əsasən, şübhəli şəxsə kulonun oğurlanması maddəsi ilə ittiham irəli sürülüb. Bu kulon zərgərlər tərəfindən Ceyms Bond filmlərindən birindən ilhamlanaraq hazırlanıb. Söhbət süjeti Faberge yumurtasının oğurluğu ətrafında qurulan 1983-cü il istehsalı “Octopussy” (“Səkkizayaq”) filmindən gedir. Filmdə bu ad Bond qızlarından birinin – qiymətli əşyaların qaçaqmalçılığı ilə məşğul olan sirk artistinin ləqəbi idi.

“Faberge”nin rəsmi saytında qeyd olunur ki, kulon 18 karat sarı qızıldan hazırlanıb və yaşıl mina ilə bəzədilib. Zinət əşyası 60 ədəd ağ brilliant və 15 ədəd mavi sapfir qaşı ilə işlənib. Onun daxilində isə gözləri iki qara brilliantdan olan, 18 karat qızıldan hazırlanmış miniatür səkkizayaq fiquru gizlədilib.

KİV-lərin məlumatına görə, şübhəli şəxsə həmçinin 12 noyabr tarixində eyni zərgərlik mağazasından “iPad” planşetinin oğurlanması, eləcə də növbəti gün fərdi yaşayış evindən ümumi dəyəri 60 ABŞ dollarından az olan pişik qumu doldurucusu və birə əleyhinə vasitələrin oğurlanması ilə bağlı ittihamlar da irəli sürülüb.

Samir
 

0