İranın Ali Milli Təhlükəsizlik Şurası bəyanatla çıxış edərək, ölkədəki vəziyyəti sabitliyi pozmağa yönəlmiş planların arxasında ABŞ və İsrailin dayandığını bildirib.
HİT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bəyanatda qeyd olunur ki, İranın hüquq-mühafizə orqanları İsrail və ABŞ-ın ölkədə sabitliyi pozmaq cəhdlərini ifşa edir və onların planlarının həyata keçirilməsinə imkan verməyəcək. Ali Milli Təhlükəsizlik Şurası ölkə ərazisində baş verən etiraz aksiyalarının təşkilinə görə məsuliyyəti birbaşa İsrail və ABŞ-ın üzərinə qoyub.
Bundan əvvəl İran İslam Respublikasının ali rəhbəri ayətullah Əli Xamenei də etirazlarda iştirak edən şəxslərin ABŞ prezidenti Donald Trampın istəklərinə uyğun hərəkət etdiyini bildirib. Xamenei həmçinin İsrail və İran arasında 12 gün davam edən qarşıdurma, eləcə də 2025-ci ilin iyununda ABŞ-ın respublika ərazisinə endirdiyi hava zərbələri nəticəsində mindən çox iranlının zərər çəkdiyini qeyd edib. Onun sözlərinə görə, bu rəqəmə hərbçilər, alimlər və digər tanınmış şəxslər daxil deyil.
Xatırladaq ki, 28 dekabr tarixində İranda milli valyutanın kəskin ucuzlaşması fonunda etiraz aksiyaları başlayıb. Buna cavab olaraq hakimiyyət təhlükəsizlik tədbirlərini gücləndirib, polis tərəfindən gözyaşardıcı qazdan və pnevmatik silahlardan istifadə olunub. Ən kütləvi aksiyalar paytaxt Tehranda keçirilib, ən ağır toqquşmalar isə ölkənin qərb və cənub-qərb bölgələrində, Malekşaha, Kermanşah və Lordeqan şəhərlərində qeydə alınıb. Yanvarın əvvəlində İran hakimiyyəti ölkə üzrə internet və telefon rabitəsini tamamilə dayandırıb. Ehtimal olunur ki, bu addım etirazçılara qarşı mübarizə çərçivəsində görülən tədbirlərdən biri olub.
Samir


