Keçən il İspaniyanı 90 milyondan çox turist ziyarət edib. Amma şəhəri və ya ölkəni daha yaxından tanımaq üçün turistlərin getmədiyi yerləri kəşf etmək daha yaxşıdır.
Hit.az xəbər verir ki, bu barədə "Express" yazır.
İspaniyada illərdir yaşayan britaniyalı Ceyma Smit müxtəlif şəhərlərin turistlərin tez-tez unudduğu gizli xəzinələrini açıqlayıb.
1.El-Born və ya Qrasiya, Barselona
Barselonanın ən məşhur küçəsi La Rambla hər il milyonlarla turisti cəlb edir. Burada restoranlar, mağazalar və küçə artistlərinin çıxışları var. Amma bu küçə cibgirlik hadisələri ilə də məşhurdur, həmçinin burada qəhvə digər yerlərlə müqayisədə bir neçə dəfə baha başa gəlir.
"La Rambla öz şöhrətinin qurbanı oldu. O, turistlərə o qədər fokuslanıb ki, Barselonanın autentik xarakterini itirib", deyə o bildirib.
Smit digər bölgələri – El-Born və ya Qrasia – ziyarət etməyi tövsiyə edir. Burada siz Barselonanın həqiqi enerjisini hiss edə bilərsiniz. Həmin bölgədəki kafelərdə yerli əhali səhər kortado içir, həmçinin oradakı əl işləri dükanlarını, sərfəli restoranları və möhtəşəm memarlığı görə bilərsiniz.
2.Plaza Mayor və La Latina, Madrid
Madridin məşhur Puerta del Sol meydanı tez-tez turistlərlə doludur, onlar məşhur ayı heykəli yanında foto çəkdirmək üçün yarışırlar. Amma bu, Madridi tam əks etdirmir.
O, Plaza Mayor meydanını erkən səhər turistlər gəlməzdən əvvəl ziyarət etməyi tövsiyə edir. Həmçinin La Latina bölgəsi dar küçələri, ənənəvi bazarları ilə maraqlıdır. Burada tapaş barlarında nahar edə və ya əsrlik taverna və kafelərə baxa bilərsiniz.
3.Bunkers del Karmel, Barselona
Turistlər arasında məşhur Park Güell artıq çox kommersiyalaşıb və bununla da insanlara gətirəcəyi spontan sevinc itib.
Buna görə britaniyalı turistlərə Bunkers del Karmelə getməyi məsləhət görür. Buradan Barselonanın möhtəşəm mənzərələrini həm ödənişsiz, həm də izdihamsız görə bilərsiniz.
"Keçmiş hava hücumu bazası şəhərin 360 dərəcə panoramasını təqdim edir və deyilir ki, bu yer yerli əhalinin sevimlisidir – onlar gün batımını şərab və dostlarla izləməyi sevirlər", deyə məqalədə yazılır.
4.Formentera, İbiza
Əyləncə paytaxtı çox sayda əyləncə və musiqi sevərləri cəlb edir. Amma Ibiza içkilərin baha olması və müxtəlif yerlərə girişin yüksək qiyməti ilə tanınır. Smit deyir ki, Ibiza təkcə böyük partilərdən ibarət deyil.
O, Formenteraya qısa gəmiyə səfər etməyi tövsiyə edir. Orada Ibiza-nın şimal hissəsini, San Xuan və Portinatx ətrafını araşdıra bilərsiniz.
"Orada sakit koylar, qızılı qumlu çimərliklər, şəffaf mavi sular, zamanın dayandığı ağ kəndlər və hələ də çiçəklənən bohem mədəniyyətinə sahib çimərlik barları var, üstəlik yarı qiymətə", deyə "Express" yazır.
5.Altea və ya Quadalest, Benidorm
Benidorm ucuz istirahət axtaranlar üçün məşhur istiqamətdir. Amma oradakı çimərliklər dolu ola bilər və restoranlarda tez-tez ənənəvi ispan yeməkləri deyil, beynəlxalq mətbəx təqdim olunur.
"Benidorm bəzi turistlər üçün uyğundur, amma əgər siz ispan mədəniyyətini və ya autentik sahil həyatını axtarırsınızsa, bunu orada tapa bilməzsiniz", deyə Smit izah edir.
O, Altea şəhərinə və ya İspaniya dağlarında yerləşən Quadalest kəndinə getməyi tövsiyə edir. Orada ispanlar istirahət etməyi sevirlər.
Smit bildirir ki, əsl İspaniya turist xəritələri və bələdçilərinin hüdudlarından kənarda yerləşir.
"Mənim tövsiyəm sadədir: erkən gəlin və ya gec qalın. Əksər məşhur yerləri səhər saat 9-dək və ya axşam 7-dən sonra ziyarət edə bilərsiniz, çünki gündəlik turistlər artıq gediblər. Qaldığınız yerin sahibləri ilə danışın, onlar harada yeyib-içdiklərini deyəcəklər. Yerli əhali nadir hallarda səhv məlumat verir və siz bələdçilərdə olmayan yerləri kəşf edəcəksiniz", deyə Smit tövsiyə edir.
Samir


