Rusiya-Ukrayna müharibəsi: Tramp 2026-cı ildə vədini reallaşdıra bilər?

DÜNYA
16:50 / 13.01.2026
179

“Artıq 4 ildir davam edən Rusiya-Ukrayna müharibəsi beynəlxalq siyasətdə ən mürəkkəb və ən dinamik konfliktlərdən biri olaraq qalmaqda davam edir”.

Bu sözləri politoloq Rəşad Bayramov Hit.az-a açıqlamasında deyib.

O, 2026-cı ildə müharibənin başa çatma ehtimalı barədə sualı cavablandırıb:
“2026-cı ildə müharibənin başa çatması optimist proqnozdur. Təəssüf ki, onun reallıq səviyyəsi çox böyük şübhə altındadır. Düzdür, Avropa və ABŞ rəsmiləri, eləcə də Avropa İttifaqının, ümumiyyətlə, Avropanın müxtəlif rəhbərləri sülh şəraitinin mümkün olduğunu qeyd edirlər.

Lakin Rusiya ordusunun hələ də döyüş qabiliyyətini qoruması və Ukraynanın müharibəni davam etdirmək və qarşı tərəfin təcavüzünə dirəniş göstərmək imkanları qalır. Bu isə onu göstərir ki, biz hələ bir müddət Rusiya və Ukrayna arasında müharibəyə şahidlik edəcəyik. O baxımdan, müharibənin 2026-cı ildə bitməsi yalnız optimist ssenari kimi qiymətləndirilə bilər”.

Ekspert ABŞ Prezidenti Donald Trampın müharibəni bitirməklə bağlı vədindən də söz açıb:
“Tramp hələ 2024-cü il prezident seçkiləri kampaniyasında Rusiya-Ukrayna müharibəsini tez bir zamanda dayandırmaq vədi vermişdi. Hətta bəzi çıxışlarında bunu 24 saat ərzində mümkün hesab etdiyini də söyləmişdi.

Lakin sonradan o da etiraf etmək məcburiyyətində qaldı ki, bu münaqişə olduqca ağır və həlli böyük zaman və qarşılıqlı güzəştlər tələb edən bir münaqişədir. Düzdür, 2025-ci ildə Tramp administrasiyası bu istiqamətdə kifayət qədər aktivlik nümayiş etdirdi, hətta sülh planı da hazırlandı. Xüsusilə də Rusiya tərəfinin bu planlara faktiki olaraq rədd cavabı verməsi və güzəşt mövqeyindən çıxış etməməsi Trampın vədini sual altına qoyur”. 

Rəşad Bayramov diqqətə çatdırıb ki, ABŞ-nin daxilində və beynəlxalq müttəfiqlər arasında da Trampın sülh planı kifayət qədər geniş tənqid olundu:
“Üstəlik, onun effektivliyinə dair şübhələr hələ də qalmaqdadır. Bu göstərir ki, Trampın vədi təzyiq mexanizmi kimi müəyyən rolu olsa da, münaqişənin ancaq bu yolla dayandırılması faktiki olaraq mümkünsüzdür. Nəticədə, 2026-cı ildə müharibənin başa çatması mümkün olsa da, bu ciddi diplomatik danışıqlar, kompromislər və beynəlxalq təzyiq tələb edir. 

Ya Rusiyanın ərazilərin statusu ilə bağlı geri çəkilməsi lazım olacaq, ya da Ukrayna tərəfi ərazi güzəştlərinə gedəcək. Yalnız o zaman sülhdən danışmaq olar. Hal-hazırda nə Rusiya öz şərtlərindən, nə də Ukrayna öz qırmızı xəttindən geri çəkilmək niyyətində deyil. Ona görə də bu il ərzində müharibənin başa çatacağı və sülhün təmin olunacağını qəti şəkildə demək mümkün deyil”.

Elmir

0