Diqqətin dağılması və işləri daim təxirə salmaq arzusu müasir dövrün problemi deyil; insanlıq təxminən bir əsrdir fokuslanmağın “möcüzəvi yolu”nu axtarır. Bu gün bəzi insanlar telefonlarındakı tətbiqləri silir, bəziləri isə özlərini xarici dünyadan təcrid etmək üçün səs-küy əleyhinə qulaqlıqlardan istifadə edirlər.
HİT.az xəbər verir ki, 1925-ci ilin iyul ayında "Science and Invention" jurnalı bu məsələyə daha radikal və qorxuducu bir həll təqdim edib: “The Isolator” (İzolyator). Düşüncə ardıcıllığını poza biləcək ən kiçik səsə belə dözə bilməyənlər üçün hazırlanmış bu cihaz, ilk baxışdan başa qoyulmuş nəhəng metal qazana bənzəyirdi.
İzolyatorun ilk prototipi ağacdan hazırlanmış, daxili və xarici hissələr mantar lövhələrlə örtülmüş və üzərinə keçə çəkilmişdi. Göz səviyyəsində üç şüşə bölmə olan kaskın ağız hissəsində isə səsin daxil olmasını əngəlləyən, amma nəfəs almağa imkan verən xüsusi bir baryer vardı. Ağac istifadə olunduğu üçün ilk sınaqlarda xarici səs-küyü yalnız 75 faiz səviyyəsində azalda bilən ixtiraçılar, nəticəni artırmaq üçün kaskın içərisinə hava boşluqları əlavə ediblər. Bu addım səs-küyü yüzdə 95 səviyyəsində əngəlləyib, amma bununla birlikdə həyati bir problem ortaya çıxıb: istifadəçilər təxminən on beş dəqiqə sonra dəbilqənin içində göz qırpmağa başlayırdılar.
Fokuslanma uğrunda təhlükəli oyun
Dəbilqənin içində oksigenin sürətlə tükənməsi və mühitin demək olar ki, “beyin saunası”na çevrilməsi səbəbindən, dizaynerlər dəbilqəyə kiçik bir oksigen tankı bağlamağa qərar veriblər. Bu metod zehni canlandırsa da, müasir tibb mütəxəssislərinə görə çox riskli idi. Anestezioloq Dr. Daniel Funnell bildirir ki, sistemə yalnız oksigen püskürtmək kifayət etmir; içəridə toplanan karbon dioksitin xaric edilməsi daha kritikdir. Əgər xaric olunan hava sistemdən təmizlənməzsə, istifadəçi öz nəfəsini təkrar çəkir və bu da qanındakı karbon dioksit səviyyəsini sürətlə artıraraq ölümcül nəticələrə səbəb olur. Üstəlik, bu metod hər yarım saata bir yeni oksigen balonunu tələb etdiyi üçün olduqca bahalı bir fokuslanma üsuludur.
Cihaz yalnız səsi deyil, vizual diqqət yayındırıcılarını da aradan qaldırmaq məqsədi daşıyırdı. Göz deşiklərinin ətrafı tamamilə qara rənglə boyanmış, yalnız üfüqi bir xətt şəklində açıq qalırdı. Beləliklə, istifadəçi yalnız qarşısındakı kağıza baxa bilir, yanından keçən şəxsi və ya diqqətini dağıda biləcək hərəkətləri görə bilmirdi. Hətta o dövrlərdə geniş yayılan siqaret tüstüsü və sızan oksigen balonunun bir yerdə olması, fokuslanma cəhdini bir anda təhlükəli bir “fişək” şousuna çevirə biləcək qədər riskli bir mühit yaradırdı.
Bu gün hər nə qədər gülməli və klostrofobik görünürsə də, İzolyator insanın məhsuldarlıq uğrunda nə qədər irəli gedə biləcəyinin ən konkret və qəribə nümunələrindən biri kimi tarixdəki yerini qoruyur.
Samir


