Son günlərdə ABŞ ilə İran arasındakı gərginlik pik həddə çatıb.
Buna səbəb Tehran rejiminin etirazçılara sərt müdaxiləsidir. İndiyə kimi etirazçılarla yaşanan qarşıdurmalar zamanı 600-ə yaxın insanın öldüyü deyilir. Həbs olunanların sayı da 10 mini keçib. ABŞ Prezidenti Donald Tramp isə etirazçıların ölümünə görə İran rejimini hədələyib. Tramp İranı vurmaq ehtimalının gündəmdə olduğunu açıqlayıb. Hətta bəzi mənbələr ABŞ-nin bu gecə İrana hərbi müdaxilə edəcəyini söyləyirlər. Daha dəqiq desək, adıçəkilən ölkəyə raket zərbələrinin endiriləcəyi iddia olunur.
Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva Hit.az-a açıqlama verib.

O bildirib ki, İranın hədəf alınacağı ilə bağlı yayılan xəbərlər daha çox informasiya müharibəsinin tərkib hissəsinə bənzəyir:
“Düzdür, Tramp administrasiyası son günlər sərt bəyanatlarla Tehrana təzyiqi artırır. Lakin ABŞ-nin İrana qarşı birbaşa genişmiqyaslı hərbi əməliyyata başlaması hazırkı geosiyasi və hərbi şərtlərdə çox risklidir. Nəzərə almaq lazımdır ki, İranın raket və PUA arsenalı, Hörmüz boğazındakı strateji mövqeyi, həmçinin regiondakı müttəfiq qruplar vasitəsilə cavab zərbəsi endirmək potensialı Vaşinqton üçün ciddi təhlükələr yaradır. Bu səbəbdən “İran bu gecə vurulacaq” tipli iddialar daha çox psixoloji təzyiq və qarşı tərəfi güzəştə məcbur etmək məqsədi daşıyan mesajlar kimi qiymətləndirilir”.
Ekspert qeyd edib ki, real ssenari kimi ABŞ-nin məhdud və hədəfli raket zərbələri ehtimalı nəzərdən keçirilə bilər:
“Bu, əsasən İranın nüvə infrastrukturu, PUA obyektləri və ya SEPAH-a bağlı konkret hərbi qurğuların vurulması formasında ola bilər. Lakin Vaşinqtonun birbaşa işğal və ya quru əməliyyatına başlaması ehtimalı hazırda minimaldır. Çünki bu, Yaxın Şərqdə genişmiqyaslı müharibəyə səbəb ola, neft bazarını silkələyə və ABŞ-nin qlobal mövqelərini zəiflədə bilər. Yəni ABŞ daha çox təhdid ritorikası, diplomatik təzyiq və məhdud hərbi cavablarla İranı balansda saxlamağa çalışır”.
Elmir Mustafa


