Rusiya və ABŞ-ın nüvə arsenallarının ölçüsünü məhdudlaşdıran müqavilənin qüvvədən düşməsindən sonra dünyada yeni nüvə silahlanma yarışının başlaya biləcəyi ehtimal olunur.
Hit.az xəbər verir ki, bu barədə “Forbes” nəşrinə açıqlamasında nüvə silahsızlanması üzrə aparıcı amerikalı ekspert, ABŞ Milli Təhlükəsizlik Şurasının keçmiş direktoru Stiven Payfer bildirib.
ABŞ və Rusiya arasında nüvə arsenalının azaldılması üzrə əvvəlki danışıqlarda iştirak etmiş Payfer xatırladıb ki, strateji hücum silahlarının azaldılması və məhdudlaşdırılması haqqında hazırkı müqavilənin (“SNO”) müddəti 5 fevral 2026-cı ildə başa çatır. Onun fikrincə, yeni müqavilə imzalanmadan bu sənədin qüvvədən düşməsi dünyanı məhv etməyə qadir olan nüvə döyüş başlıqlarının yenidən artırılmasına təkan verə bilər:
“Yeni bir müqavilə olmadan şimal yarımkürəsində planetin ən böyük termonüvə döyüş başlıqları arsenalını yaratmaq uğrunda yeni yarış alovlana bilər”.
Hazırda qüvvədə olan “SNO” müqaviləsi 2010-cu ildə imzalanıb və Rusiya ilə ABŞ-ı nüvə arsenallarını hər biri üçün 1550 döyüş başlığı səviyyəsində dondurmağa məcbur edən yeganə beynəlxalq sənəddir. Söhbət qitələrarası ballistik raketlərdə, sualtı qayıqlarda və bombardmançı təyyarələrdə yerləşdirilən döyüş başlıqlarından gedir. Müqavilə qüvvəyə mindikdən sonra Kreml və Ağ Ev arsenallarını ilk nüvə silahlanma yarışının başlanğıc mərhələsinə uyğun səviyyəyə endirib.
Payfer bildirib ki, Rusiya prezidenti Vladimir Putin mövcud müqavilənin bir il müddətinə uzadılmasını təklif edib, lakin müəyyən şərtlərlə. Ekspertin sözlərinə görə, bu şərtlər razılaşmanı “praktiki olaraq mənasız” edərdi.
Onun sözlərinə əsasən, “Putin yerləşdirilmiş döyüş başlıqlarının və onların daşıyıcı sistemlərinin sayına dair məhdudiyyətlərin saxlanılmasını təklif edir, lakin müqaviləni son dərəcə vacib yoxlama mexanizmlərindən məhrum etmək istəyir”. Buraya tərəflərin bir-birinin ərazisində apara bildiyi yoxlamalar və inspeksiyalar daxildir.
Məqalədə qeyd olunur ki, il ərzində on dəfəyədək keçirilən bu yerində yoxlamalar zamanı amerikalı silah mütəxəssisləri rus raket şaxtalarını və sualtı qayıqları yaxından araşdıraraq hər raketdə yerləşdirilən döyüş başlıqlarının sayını fiziki olaraq hesablaya bilirdilər. Bu barədə ABŞ-da silahsızlanma üzrə aparıcı analitik mərkəzlərdən biri olan “Nuclear Threat Initiative”in ekspertləri də məlumat verib.
Nəşr vurğulayır ki, Rusiyanın müqavilə ilə nəzərdə tutulan inspeksiyaları bloklaması o deməkdir ki, o, artıq yeraltı şaxtalarda gizlədilən qitələrarası ballistik raketlərə və okeanları suyun altında gizli şəkildə keçən sualtı qayıqlara əlavə nüvə döyüş başlıqları yükləməyə başlaya bilər.
Müqavilə hər raketə yerləşdirilə bilən döyüş başlıqlarının sayını məhdudlaşdırsa da, Putinin inspeksiyaları birtərəfli qaydada dayandırması Amerika tərəfinin bu məhdudiyyətlərə əməl olunmasını yoxlamaq imkanını əlindən alır.
“Müqavilədəki bu nəhəng boşluq ABŞ-a onu uzatmaq üçün stimul vermir”, deyə məqalə müəllifi əlavə edib.
Bununla yanaşı, Payfer qeyd edib ki, onun fikrincə, Pentaqonda “yeni "SNO" müqaviləsi ilə strateji döyüş başlıqlarına qoyulan məhdudiyyətlərin həddindən artıq sərt olduğu barədə yanaşma formalaşır. Bu isə rəqib nüvə dövlətləri tərəfindən artıq həyata keçirilən silahlanma artımına cavab vermək zərurəti ilə əlaqələndirilir.
“Əgər ABŞ yeni "SNO" müqaviləsinin məhdudiyyətlərini aşarsa, ruslar böyük ehtimalla buna cavab verəcəklər” deyə Payfer bildirib və nəticə olaraq nüvə üstünlüyü uğrunda yenidən canlanan yarışın üfüqdə göründüyünü söyləyib. Bununla belə, o ehtimal edib ki, bu yarış çox uzağa getməyəcək və insanlar 1960-cı illərin dərsini xatırlayacaqlar. Həmin dərs ondan ibarət idi ki, bütün tərəflər tərəfindən nüvə silahlarının artırılması təhlükəsizliyin yüksəlməsinə xidmət etmir. Məhz bu anlayış 1960-cı illərdə Rusiya və ABŞ-ı ilk nüvə silahlarının məhdudlaşdırılması müqaviləsini imzalamağa sövq etmişdi.
Nüvə silahlanma yarışı – son xəbərlər
Daha əvvəl bildirildiyi kimi, hazırda Rusiya və ABŞ-ın “SNO” müqaviləsinin fevral ayında başa çatan müddətindən sonra onu uzatmaq niyyətində olduqlarına dair əlamətlər yoxdur. Analitiklərin fikrincə, bu qeyri-müəyyənlik Rusiyaya müqavilə çərçivəsindən kənar silah sistemlərinin hazırlanmasını davam etdirməyə imkan verir.
Xüsusilə Rusiyada “Burevestnik” qanadlı raketi və “Poseydon” torpedasının sınaqlarının keçirildiyi bildirilib. Rəsmi Moskva bu silahları “irəliləyiş texnologiyaları” adlandırır.
Noyabr ayında ABŞ prezidenti Donald Tramp da nüvə sınaqlarının aparılması barədə açıqlama verib. O bunu digər ölkələrin də nüvə silahlarını sınaqdan keçirməsi ilə əsaslandırıb.
Samir


