Qara Ölüm qurbanlarının olduğu orta əsr kütləvi məzarlığı tapıldı

DÜNYA
22:15 / 15.01.2026
46

Almaniyanın Erfurt şəhərinə yaxın ərazidə alimlər Qara Ölümün qurbanlarının kütləvi qəbirliyinə dair inandırıcı sübutlar aşkar ediblər – bu, Avropa tarixində ən ölümcül pandemiyalardan biri olub.

 Hit.az "The Independent"ə istinadən xəbər verir ki, tədqiqatçılara görə, bu tapıntı XIV əsrdə vəba nəticəsində ölən insanların sistemli şəkildə müəyyən edilmiş ilk qəbir yeri ola bilər.

Məqaləyə görə, 1346–1353-cü illər arasında Qara Ölüm pandemiyası qitənin bəzi bölgələrində əhalinin demək olar ki, yarısını məhv edib. Tarixi mənbələr göstərir ki, yalnız Erfurt yaxınlığında böyük çuxurlarda təxminən 12 min insan dəfn edilib, lakin bu qəbir yerlərinin dəqiq yeri əsrlər boyu naməlum qalıb.

Hazırda müxtəlif sahələrdən olan tədqiqatçılar orta əsrlərə aid yazılı mənbələri, torpaq istifadəsi məlumatlarını və torpaq nümunələrini analiz ediblər. Bu, XIV əsr xronikalarında təsvir olunan "vaba çuxurları"na uyğun yeraltı strukturu müəyyən etməyə imkan verib.

“Bizim nəticələrimiz inandırıcı şəkildə göstərir ki, biz Erfurt xronikalarında təsvir olunan vaba qurbanlarının kütləvi qəbirliyini lokallaşdırmışıq,” deyə Leypsiq Universitetindən coğrafiya üzrə alim Mihael Hayn bildirib. O eyni zamanda vurğulayıb ki, son təsdiq yalnız tam arxeoloji qazıntılardan sonra mümkün olacaq.

Tədqiqat göstərib ki, yeraltı struktur Orta Əsr tərk edilmiş Noyzes kəndinə yaxın yerləşir. Əvvəlki qazıntılar zamanı burada XIV əsrə aid insan qalıqları parçaları tapılıb.

Tədqiqatın həmmüəllifi, Helmholtz Ekoloji Tədqiqatlar Mərkəzindən Ulrike Verban bildirib ki, işin əsas xüsusiyyəti qəbirliyin təsadüfən deyil, tarixi və təbii elmi üsulların birləşməsi ilə tapılması olub.

Alimlər hesab edirlər ki, kütləvi qəbir Qera çayının vadisi boyunca quru qara torpaq sahəsində yaradılıb. Orta əsrlərdə nəmli çay sahələri qəbirlik üçün adətən seçilmirdi, çünki belə şəraitdə cəsədlər daha yavaş çürüyürdü.

Bu, o dövrdə geniş yayılan “miazma nəzəriyyəsi” ilə uyğun gəlir – bu nəzəriyyəyə görə xəstəliklər “pis hava” və çürüyən üzvi qalıqlardan yaranırdı.

Niyə bu tapıntı vacibdir

Avropada Qara Ölümün təsdiqlənmiş və dəqiq tarixlənmiş kütləvi qəbirlikləri olduqca nadirdir – hazırda belə yerlərdən ondan azı məlumdur. Daha ətraflı tədqiqatlar vabanın törədicisi Yersinia pestis-in təkamülünü, XIV əsrdəki yüksək ölüm səbəblərini və cəmiyyətlərin böyük epidemiyalara necə reaksiya verdiyini daha yaxşı anlamağa kömək edə bilər.

Samir
 

0