İran Türkiyədəki ABŞ hərbi bazasını vura bilər?

DÜNYA
14:05 / 15.01.2026
165

İrandakı şiddətli etirazlar fonunda vəziyyət kritik həddə çatıb.

ABŞ Prezidenti Donald Tramp İranı vurmaqla hədələyib. Artıq neçə gündür adıçəkilən ölkəyə qarşı əməliyyat başlayacağına dair iddialar sürətlə yayılmaqdadır. Rəsmi Tehrandan da məsələyə münasibət gecikməyib. İran hücuma məruz qalacağı təqdirdə, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyəyədəki ABŞ hərbi bazalarının hədəfə alınacağını açıqlayıb. Xüsusilə Türkiyə adının çəkilməsi diqqət çəkib. Çünki rəsmi Ankara Tehran rejiminə dəstək verən ölkələr sırasındadır.

Belə olan halda sual yaranır: İran həqiqətən Türkiyədəki ABŞ hərbi bazasını vuracaq, ya blef edir?

Mövzu ilə bağlı Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə Hit.az-a açıqlamasında bildirib ki, ABŞ-nin İrana qarşı hərbi müdaxilə variantı masadadır:


“Bunun həyata keçib-keçməyəcəyi isə gedişatdan asılı olacaq. Düşünürəm ki, İran rejiminin dəyişməsi ABŞ-nin strateji planının tərkib hissəsidir”. 

Ekspertin sözlərinə görə, İranın Türkiyədəki hərbi bazasını vurmasına Ankaranın reaksiyası sərt ola bilər:
“ABŞ İrana qarşı hərbi əməliyyatlara başlasa, Tehran rejiminin Türkiyədəki Amerika hərbi bazasını vuracağını zənn etmirəm. Türkiyədəki hərbi bazada hərəkətlənmə olmasa İran buna getməz. Çünki rəsmi Ankara Tehrana hərbi müdaxilənin əleyhinədir. 
Hətta İrana qarşı əməliyyatın keçirilməməsi ilə bağlı Vaşinqtonla danışıqlar da aparır. Bunu Tehran rəsmiləri də bilir. Belə olan halda İranın sözügedən bazanı vurmasına Türkiyənin reaksiyası fərqli ola və bu, Tehranın əleyhinə işləyə bilər”.

Elmir Mustafa

0