Hindistanda 103 yaşlı qadın dəfn mərasimində "dirildi"

DÜNYA
20:57 / 15.01.2026
53

Hindistanda 103 yaşlı qadın öz dəfn mərasimi zamanı gözlənilməz şəkildə özünə gəlib. 

HİT.az xəbər verir ki, hadisə barədə “Hindustan” nəşri məlumat yayıb.

Jurnalistlərin məlumatına görə, insident ölkənin Maharaştra ştatında baş verib. Yerli sakin, 103 yaşlı Qanqabai vəfat etmiş hesab edilib və onun dəfn mərasiminə hazırlıqlar başlanıb. Ənənəyə uyğun olaraq evdə çadır qurulub, qadın dəfn üçün nəzərdə tutulan sari geyimində geyindirilib.

Mərasimə Qanqabainin çoxsaylı qohumları və tanışları toplaşıb. Cəsədin aparılması üçün avtomobil gözlənilən vaxt qadın qəfil hərəkət etməyə başlayıb və oturub. Məlumatda vurğulanır ki, ən təəccüblü məqam bu hadisənin qadının doğum gününə təsadüf etməsi olub.

Ailə üzvləri baş verənləri möcüzə kimi qiymətləndiriblər. Nəticədə dəfn mərasimi 103 yaşlı Qanqabainin doğum gününün qeyd olunmasına çevrilib.

Qeyd edək ki, ötən ilin dekabrında “The Mirror” nəşri Çinin Quansi əyalətində oxşar hadisə barədə yazmışdı. Məlumata görə, 95 yaşlı təqaüdçü Li Şyufen vəfat etmiş hesab edilib və adətə uyğun olaraq onun cəsədi tabuta yerləşdirilərək evin qarşısında vida mərasimi üçün saxlanılıb. Altı gün sonra sakinlər tabutun boş olduğunu görərək təşvişə düşüblər. Daha sonra “dirilmiş” qadın evinin mətbəxində aşkar edilib. Li Şyufenin sözlərinə görə, o, tabutda güclü aclıq hissi ilə ayılıb və yemək hazırlamaq üçün mətbəxə gedib.

Samir
 

0