“Pezeşkianın səlahiyyətləri artırılmalıdır” - AÇIQLAMA

DÜNYA
11:35 / 16.01.2026
132

“Hazırkı şəraitdə İranın parçalanması bölgədə yeni problemlərə yol aça bilər”.

Bu sözləri Azad Vətən Partiyası sədrinin beynəlxalq məsələlər üzrə müavini, siyasi ekspert Afiq Axundov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, İrana əslən azərbaycanlı olan birinin rəhbərlik etməsi daha yaxşı seçimdir:
“Düzdür, hazırda azərbaycanlı Məsud Pezeşkian İran Prezidentidir. Lakin onun səlahiyyətlərinin məhdud olduğu hamıya məlumdur. Bu səbəbdən də Pezeşkian bir çox istəyini həyata keçirə bilmir. Hesab edirəm ki, İranın idarətməsi ilə bağlı ciddi dəyişikliklərə ehtiyac var. Bunlardan birincisi xalq tərəfindən seçilən prezidentin səlahiyyətlərinin artırılmasıdır. Belə olacağı təqdirdə, Pezeşkian bir çox müsbət addım ata bilər”.

Ekspert həmin addımların əksəriyyətinin azərbaycanlılarla bağlı olacağını düşünür:
“Reallıq budur ki, İrandakı azərbaycanlı nüfuzu çox böyükdür. Ancaq buna rəğmən, ölkədə Güney azərbaycanlılar bir çox təməl haqlardan məhrumdurlar. İlk növbədə Azərbaycan dilinin İranda ikinci dövlət dili elan edilməsi labüddür. İran azərbaycanlıları ölkənin ən böyük etnik qruplarından biridir. 

Bundan başqa, oradakı soydaşlarımıza ana dilində təhsil haqqı verilməlidir. Əlbəttə ki, bu qərarları da yalnız azərbaycanlı biri qəbul edə bilər. Ona görə də İranın geniş səlahiyyətləri olan azərbaycanlı bir prezident tərəfindən idarə edilməsinə ehtiyac var. Bu, bizim də maraqlarımıza uyğundur”.

Həmsöhbətimiz qeyd edib ki, İran əhalisinin mühüm hissəsini azərbaycanlılar təşkil edir:
“Onlar əsrlər boyu bu coğrafiyada yaşayıb, dövlətçiliyin formalaşmasında, iqtisadiyyatın inkişafında və mədəni irsin zənginləşməsində mühüm rol oynayıblar. Buna baxmayaraq, uzun illərdir azərbaycanlıların dil, təhsil və siyasi təmsilçilik sahələrindəki hüquqları sistemli şəkildə məhdudlaşdırılır. 

Artıq illərdir davam edən bu ədalətsizliyə bir son verilməlidir. İranın inkişafı məhz azərbaycanlılardan keçir. Hansısa ölkə daxilindəki ən böyük etnik nüfuzu sıxışdıraraq irəli gedə bilməz. Molla rejimi də bu yanlışdan dönməlidir. Bu halda İranla Azərbaycan arasındakı əlaqələr də inkişaf edər. Əlbəttə bu da öz növbəsində İranın xeyrinədir”.

Elmir Mustafa

0