Bəzi Avropa ölkələri Danimarkaya qoşularaq Qrenlandiyanın təhlükəsizliyini gücləndirmək üçün əsgərlər göndərib. Qrenlandiya ABŞ prezidenti Donald Trampın iddialarına məruz qaldığı halda, NATO qoşunları adada “daha daimi” şəkildə xidmət edəcək.
HİT.az xəbər verir ki, bu barədə "Financial Times" yazıb.
Danimarkanın müdafiə naziri Troels Lund Poulsen cümə axşamı bildirib ki, məqsəd Qrenlandiyada daha çox Danimarka hərbçisi yerləşdirməkdir, digər NATO müttəfiqləri isə rotasiya əsasında iştirak edəcəklər.
“Əsas məqsəd daha daimi hərbi mövcudluq yaratmaqdır”, deyə o bildirib.
Almaniya, Böyük Britaniya, Fransa və Finlandiya az sayda əsgər göndərəcəyini açıqlayıb. Avropa diplomatları bildiriblər ki, məqsəd ABŞ-yə göstərməkdir ki, Danimarka və digər ölkələr Arktika təhlükəsizliyinə ciddi yanaşır, Trampın Qrenlandiyanı nəzarətə almaq hədəsinə cavab vermək deyil.
Fransa prezidenti Emmanuel Makron cümə axşamı bildirib ki, təxminən 15 fransız əsgəri tezliklə qurudan, hava və dəniz qüvvələri ilə gücləndiriləcək. Fransa və Kanada yaxın həftələrdə Qrenlandiyada konsulluqlar açacaq.
Almaniya 13 kəşfiyyatçını, Böyük Britaniya bir zabiti, Norveç iki əsgəri, İsveç bir neçə əsgəri göndərəcəyini açıqlayıb. Finlandiyalı rəsmi bildirib ki, Helsinki də öz töhfəsini cümə axşamı elan edə bilər.
Yüksək vəzifəli bir diplomat bildirib: “Bu qoşunlar ABŞ-ın işğalını dayandıra bilməz. Bu mümkün deyil. Ona görə incə yanaşma tətbiq olunmalıdır. Məqsədimiz Arktikada təhlükəsizlik tədbirlərinin artırıldığını göstərməkdir və daha çox şey edilə biləcəyini nümayiş etdirməkdir".
Poulsen bildirib ki, “rotasiya” olacaq – müxtəlif ölkələrin qoşunları müəyyən müddət üçün təlimlər keçirmək məqsədilə gələcək. Müdafiə nazirliyi əlavə edib ki, bu kritik infrastrukturun qorunmasını və Qrenlandiyada döyüş təyyarələri və gəmilərin yerləşdirilməsinə dəstək verə bilər.
Samir


