Ded Xasanın sirli qətl dosyesi - 12 ildən sonra üzə çıxan həqiqətlər

DÜNYA
14:41 / 17.01.2026
54

2013-cü ilin 16 yanvarında Moskvanın kriminal tarixində dönüş nöqtələrindən biri oldu. Postsovet məkanının ən nüfuzlu “qanuni oğru”larından sayılan,  daha çox Ded Xasan adı ilə tanınan 75 yaşlı Aslan Usoyan paytaxtın elit Povarskaya küçəsində yerləşən restorandan çıxarkən snayper gülləsinə tuş gəldi. Baş və boyun nahiyəsindən 3 dəfə güllə yarası alan kriminal avtoritet təcili yardım maşınında dünyasını dəyişdi. Bu, Ded Xasana qarşı 3-cü sui-qəsd cəhdi idi. Əvvəlkilərdən fərqli olaraq bu dəfə snayper səhv etmədi.

“Rostov Evi”, Mixalkov və kriminal “ofis”

Qətlin baş verdiyi məkan təsadüfi deyildi. Ded Xasan uzun müddət Moskvada “Rostov Evi” kimi tanınan, Yazıçılar Evinin binasında faktiki olaraq öz “ofisini” qurmuşdu. “Novaya Gazeta”nın araşdırmasına görə, 2005-ci ildə Beynəlxalq Yazıçılar Birliyinin keçmiş sədri, SSRİ himninin sözlərinin müəllifi Sergey Mixalkov “Xalqlar Dostluğu” jurnalının redaksiyasını binadan çıxararaq həmin ərazini Ded Xasanın biznes strukturlarına icarəyə verib.

Bu fakt rus ictimaiyyətində böyük rezonans doğurmuş, dövlətlə kriminal aləmin təhlükəli təmasları barədə ciddi suallar yaratmışdı.

FSB-nin sevimli restoranı və gündəlik qəbul saatları

Ded Xasan çərşənbə axşamı və həftəsonları istisna olmaqla, hər gün səhər saat 10:00-dan nahar vaxtına qədər Moskvanın mərkəzində yerləşən “Knyajeskaya Usadba” restoranında qonaqları qəbul edirdi. Onun ziyarətçiləri arasında yalnız kriminal aləmin nümayəndələri deyildi – yüksək vəzifəli məmurlar, təhlükəsizlik orqanlarının əməkdaşları, onların qohumları və iri biznes strukturlarının sahibləri də bu siyahıya daxil idi.

Mənbələrin iddiasına görə, həmin restoran eyni zamanda FSB-nin mərkəzi aparatının korporativ tədbirləri və qeyri-rəsmi görüşləri üçün ən çox seçilən məkanlardan biri olub.

Saat 14:00-dan sonra Ded Xasan qəbulu dayandırır, çoxsaylı mühafizəçilərin müşayiəti ilə Lyubertsıdakı malikanəsinə yola düşürdü. Elə məhz bu zaman, iş geyimində olan qatil, Sergey Mixalkovun mənzilinin yerləşdiyi aktyor evinin çardağında onu gözləyirdi.

Saakaşvili Ded Xasanın Gürcüstanda dəfninə icazə verməyib 

Aslan Usoyanın cəsədi 18 yanvar 2013-cü ildə çarter reysi ilə Gürcüstana, doğulduğu Tbilisidəki Kukiya qəbiristanlığına aparılmalı idi. Lakin 19 yanvarda Donetsk üzərindən Tbilisiyə uçmalı olan təyyarə Gürcüstan hakimiyyəti tərəfindən qəbul edilmədi. O zaman prezident olan Mixail Saakaşvilinin qeyri-rəsmi göstərişi ilə hava limanı təyyarəni geri qaytardı.

Səbəb açıq idi. Gürcüstanda “qanuni oğru” statusu cinayət hesab olunur. Nəticədə Ded Xasan Moskvanın Xovanskoye qəbiristanlığında dəfn edildi.

2025-ci ilin mart ayının sonunda Moskva Şəhər Məhkəməsi “Taqanskaya” mütəşəkkil cinayətkar dəstəsinin liderlərinə qarşı cinayət işi üzrə münsiflər heyətinin hökmünü elan etdi. Qrupun lideri İqor Jirnokleyev başda olmaqla bir neçə nəfər çoxsaylı qətllər törətməkdə və cinayətkar təşkilat yaratmaqda təqsirli bilindi.

Ən sensasion məqam isə Jirnokleyevin Ded Xasanın qətlində iştirakına dair hökm oldu. Bu cinayət, məhkəməyəqədərki etiraf sazişi bağlayan dəstə üzvü Yuri Malinovskinin ifadələri sayəsində sübuta yetirildi.

Malinovski qrupun izləmə, dinləmə və əməliyyat fəaliyyətinə cavabdeh bölməsinə rəhbərlik edib. Axtarışlar zamanı ondan xüsusi xidmət orqanlarının istifadə etdiyi kəşfiyyat avadanlıqları müsadirə olunub. Cinayət işində QRU və FSB-nin texniki imkanlarından qrupun xeyrinə istifadə edildiyini göstərən dəlillər də yer alıb.

Malinovski Ded Xasanın snayper tərəfindən vurulmasından bir gün əvvəl necə izlənildiyini detallı şəkildə təsvir edib. Onun sözlərinə görə, əməliyyat üçün qrupun arsenalından “Val” avtomatı ayrılması barədə göstəriş şəxsən Jirnokleyev tərəfindən verilib. Silah Ded Xasanın uzun illər düşməni olan “qanuni oğru” Merab Canqveladzenin qardaşı Levon Canqveladzeyə ötürülüb.

Məhz həmin “Val”la Ded Xasan vurulub. Maraqlıdır ki, Levon Canqveladze 2025-ci ilin martında Tbilisidə güllələnərək öldürülüb.

Kriminal imperiyanın sonu, yoxsa yeni mərhələ?

Ded Xasanın ölümü postsovet məkanında kriminal iyerarxiyanın sarsılmasına səbəb oldu. Onun qətli təkcə bir “qanuni oğru”nun aradan götürülməsi deyil, dövlət strukturları, təhlükəsizlik orqanları və cinayət dünyası arasındakı qaranlıq əlaqələrin üzə çıxması kimi tarixə düşdü.

12 il sonra açıqlanan məhkəmə qərarı isə göstərdi ki, bu qətl təkcə kriminal müharibənin nəticəsi deyil, çoxqatlı, siyasi və təhlükəsizlik çalarları olan bir əməliyyat idi.

Bu hekayə hələ də tam bitməyib…

Mənbə: Musavat.com
 

0