"Boeing YF-118G Bird of Prey" ("Yırtıcı quş") təyyarəsi geniş ictimaiyyətə demək olar ki, tanış deyil, lakin ABŞ-ın ən qeyri-adi və eyni zamanda önəmli “gizli” layihələrindən biri olub. O, döyüş xidmətinə deyil, gizli texnologiyaların nümayişi üçün yaradılıb və sonradan Amerika aviasiyasının bütün nəsillərinə təsir göstərib.
Hit.az xəbər verir ki, bunu hərbi analitik Stiv Balestriəri "19FortyFive" üçün yazır.
YF-118G 1992–1999-cu illərdə "McDonnell Douglas" şirkətinin "Phantom Works" bölməsi tərəfindən, daha sonra isə "Boeing" ilə birləşdikdən sonra inkişaf etdirilib. Təyyarə Nevada ştatında yerləşən 51-ci zona sınaq poliqonunda ciddi məxfilik şəraitində hazırlanıb.
İlk uçuş 1996-cı ildə baş tutub. Ümumilikdə prototip 38 sınaq uçuşu edib və proqram sonra tamamlanıb. Pentaqon təyyarənin mövcudluğunu rəsmi olaraq yalnız 2002-ci ildə açıqlayıb.
"Yırtıcı quş" niyə yaradıldı?
Layihənin əsas məqsədi mürəkkəb görünməz təyyarələrin sürətli və nisbətən ucuz şəkildə yaradıla biləcəyini sübut etmək olub. "Boeing" proqramı öz vəsaiti ilə maliyyələşdirib – ümumi dəyəri təxminən 67 milyon dollar olub, bu da bir müasir F-35 qırıcı təyyarəsinin qiymətindən xeyli aşağıdır.
YF-118G heç vaxt istismar üçün nəzərdə tutulmayıb. O, radar görünməzliyini azaltmaq üçün yeni gövdə formalarını, sürətli rəqəmsal dizaynı, kompozit materialların istifadəsini və stealth təyyarələrinin istehsal xərclərinin azaldılmasını sınamaq üçün yaradılıb.
Dizayn və texnologiyalar
Təyyarə futuristik görünüşü səbəbindən Star Trek franşizasındakı klinqon “Yırtıcı quş”dan ad alıb. Onun konstruktor xüsusiyyətlərinə daxildir:
*qanad və gövdənin qarışıq forması;
*mühərrikin havalandırma girişinin ekranlanması;
*boşluqsuz idarəedici səthlər;
*ənənəvi tikiş və qabarlar olmayan vahid kompozit gövdə.
Bütün bunlar radar görünüşünü əhəmiyyətli dərəcədə azaldıb və təxminən bir milçəyin ölçüsü qədər kiçik etmişdir.
Xərcləri azaltmaq üçün "Boeing" mövcud komponentlərdən istifadə edib: "Beech King Air" və "Queen Air"dən şassi, "Pratt & Whitney JT15D-5C" turboventilyator mühərriki, "Harrier" təyyarəsindən katapult kreslosu və taktiki təyyarələrin kabin elementləri.
Sınaq pilotlarının sözlərinə görə, hətta bəzi alətlər demək olar ki, mülki mağazadan alınmışdı.
Sürətli deyil, amma demək olar ki, görünməz
YF-118G sürətli təyyarə deyildi:
*kruiz sürəti – təxminən 483 km/s;
*maksimum hündürlük – 6 km.
Lakin sürət prioritet deyildi. "F-117 Nighthawk"dakı kimi əsas üstünlük radarlar və sensorlar üçün minimal görünməzlik idi.
Gələcək proqramlara təsiri
“Yırtıcı quş”un yaradılması zamanı əldə edilən təcrübə birbaşa "F-22 Raptor" və "F-35 Lightning II" qırıcılarına, X-32 demonstratoruna və X-45 döyüş pilotsuz aparatına təsir edib.
Ekspertlər YF-118G-ni ABŞ-ın aviasiyada texnoloji üstünlüyünü qorumasına kömək edən əsas eksperimentlərdən biri hesab edirlər.
Təyyarə indi haradadır?
Proqram 2002-ci ilin sonunda deşifrə edildikdən sonra "YF-118G Bird of Prey" ABŞ Hərbi Hava Qüvvələrinin Milli Muzeyinə (Ohayo ştatı) göndərilib və bu gün də sərgilənir.
Samir


