Son günlərdə ABŞ-nin İranla bağlı mövqeyi tez-tez dəyişir.
Daha doğrusu, ABŞ Prezidenti Donald Tramp adıçəkilən ölkə ilə bağlı hər dəfə fərqli bəyanat səsləndirir. O, gah İranı vuracağını deyir, gah da Tehran hakimiyyətinə təşəkkür edir. Ağ ev rəhbərinin son olaraq döyüş gəmilərini və qırıcılarını İran yaxınlığına göndərməsi diqqət çəkdi. Üstəlik, Tramp İranda rejim dəyişikliyinin vaxtının çatdığına dair fikirlər səsləndirərək ali dini lider Əli Xameneini tənqid etdi.
Maraqlıdır, Tramp nə etməyə çalışır? Onun İranla bağlı planı nədir?
Mövzu ilə bağlı politoloq Tural İsmayılov Hit.az-a açıqlama verib. Onun sözlərinə görə, Trampın İranla bağlı siyasətini anlamaq üçün onun “Razılaşma Sənəti” fəlsəfəsinə və strateji qeyri-müəyyənlik taktikasının mahiyyətinə dərindən baxmalıyıq:
“Əslində, onun bir-birinə zidd görünən bəyanatları qarşı tərəfi psixoloji olaraq zəiflətmək və danışıqlar masasına ən əlverişsiz şərtlərlə gətirmək üçün düşünülmüş diplomatik gedişdir. Trampın əsas planı İranın nüvə ambisiyalarını, ballistik raket proqramını və regional təsirini eyni anda məhdudlaşdıran, tarixdə “ən böyük saziş” kimi qalacaq yeni bir müqavilə imzalamağa nail olmaqdır. Bu planın birinci mərhələsi “Maksimum Təzyiq 2” siyasətidir. Bura isə İranın neft ixracını sıfıra yaxınlaşdırmaq və ölkənin maliyyə damarlarını tamamilə kəsmək daxildir. Yəni Ağ ev lideri bu iqtisadi rıçaq sayəsində Tehranı çıxılmaz vəziyyətə salaraq, onları öz şərtləri daxilində güzəştə getməyə məcbur etməyə çalışır”.
Lakin ekspert bildirib ki, Donald Tramp həm də birbaşa dialoqa və şəxsi diplomatiyaya açıq siyasətçidir:
“Yəni Tramp bir tərəfdən ən sərt sanksiyaları tətbiq edərkən, digər tərəfdən İran rəhbərliyinə “böyük iqtisadi sıçrayış” vəd edən bir “sülh masası” da təklif edir. Onun İran strategiyasının digər mühüm sütunu regionda bu ölkəni iqtisadi və siyasi cəhətdən izolyasiya edəcək yeni bir təhlükəsizlik qurşağı formalaşdırmaqdır. Tramp “İbrahim Razılaşmaları”nın coğrafiyasını genişləndirməklə Tehranı ABŞ-nin yaxın müttəfiqləri tərəfindən mühasirəyə alınmış bir vəziyyətə gətirməyi hədəfləyir. Bu da öz növbəsində ABŞ-nin regiondakı hərbi yükünü azaldaraq, təhlükəsizliyi yerli müttəfiqlərin çiyinlərinə qoyan, ancaq siyasi iradəni Vaşinqtonda saxlayan bir modeldir”.
Tural İsmayılov hesab edir ki, Tramp üçün İranla sülh sadəcə bir sənəddən ibarət deyil:
“Bu, həm də qlobal bazarların sabitliyini təmin edən və ABŞ-nin Yaxın Şərqdəki maraqlarını sarsılmaz edən uzunmüddətli bir strateji layihədir. O, İranın daxili işlərinə müdaxilə və ya rejim dəyişikliyi əvəzinə sistemi öz maraqlarına xidmət edəcək şəkildə transformasiya etməyə və ya onu tam nəzarət altında saxlamağa üstünlük verir. Faktiki olaraq, Trampın İran planı “sıxmaq və danışmaq” strategiyasına söykənir. O, iqtisadi güclə rəqibi zəiflətmək, strateji sürprizlərlə çaşdırmaq və nəticədə ABŞ-nin qlobal üstünlüyünü möhkəmləndirək məqsədi güdür”.
Elmir


