Tramp hərəkətə keçdi: Hədəf Kubadır?

DÜNYA
11:52 / 22.01.2026
143

ABŞ Prezidenti Donald Trampla bağlı sürpriz iddia yayılıb.

Belə ki, onun daha bir ölkədə çevrilişə hazırlaşdığı deyilir. Daha dəqiq desək, Trampın bu ilin sonuna kimi Kuba hökumətini devirmək istədiyi iddia olunur. Üstəlik, bu məlumatı “The Wall Street Journal” kimi nüfuzlu qəzet mənbələrə istinadən yayıb. Hətta Tramp hakimiyyətinin artıq Kubada yeni lider axtarışında olduğu da yazılıb.

Maraqlıdır, Venesueladan sonra sıra Kubadadır? Ümumiyyətlə, Donald Tramp başqa ölkələrə qarşı da bənzər addımlar ata bilər?

Mövzu ilə bağlı siyasi şərhçi Ülviyyə Zülfüqar Hit.az-a açıqlama verib.

O bildirib ki, Trampın 2026-cı ilin sonuna qədər Kuba hökumətini devirmək niyyəti ilə bağlı yayılan iddialar daha çox siyasi ritorika və psixoloji təzyiq kontekstində qiymətləndirilə bilər:
“Çünki Trampın əvvəlki prezidentliyi dövründə də Kuba, Venesuela, İran kimi ölkələrə qarşı sərt bəyanatlar, sanksiyalar və diplomatik təcrid siyasəti müşahidə olunmuşdu. Bu baxımdan, Kubanın yenidən gündəmə gəlməsi təəccüblü deyil. 

Venesuela nümunəsi göstərdi ki, ABŞ açıq və uzunmüddətli hərbi müdaxilədən daha çox qısa həll yollarını, iqtisadi sanksiyalar və diplomatik təzyiq xəttini seçir. Kuba da uzun illərdir sanksiyalar altında yaşayan, lakin idarəetmə sistemini hələ də qoruyub saxlayan ölkədir. Buna görə də Venesueladan sonra sıranın Kubaya çatması ehtimalı siyasi və iqtisadi təzyiqlərin artırılması fonundadır”.

Ekspert qeyd edib ki, Tramp bu cür bəyanatlarla həm daxili auditoriyaya, xüsusilə sərt xətti dəstəkləyən seçicilərə mesaj verir, həm də beynəlxalq arenada ABŞ-nin hələ də qlobal təsir gücünə malik olduğunu göstərməyə çalışır:
“Hesab edirəm ki, bu yanaşma bəzən real addımlardan çox, qlobal miqyasda üstün mövqe qazanmaq məqsədi daşıyır. Lakin gələcəkdə Trampın digər ölkələrə qarşı da oxşar addımlar atması istisna deyil, xüsusilə ABŞ-nin maraqlarına zidd mövqe tutan və ya Vaşinqtonla gərgin münasibətləri olan dövlətlər bu ritorikanın hədəfinə çevrilə bilər. 

Əsasən də ABŞ-nin yerləşdiyi meridian üzrə yerləşən bəzi ölkələr ilk hədəfdə olması mümkündür. Qarşıdakı dövrdə bir müddət Trampın daha çox təzyiq, sanksiya və siyasi təsir alətlərinə üstünlük verəcəyi ehtimalı daha yüksək görünür. Ancaq Kuba da hər hansı qəfil dəyişiklik ssenarisindən sığortalanmayıb”.

Elmir Mustafa
 

0