4 min illik şikayət məktubu necə internet əfsanəsinə çevrildi?

DÜNYA
22:17 / 22.01.2026
42

İnternet dünyası hər gün yeni trendi istehlak edib unutsa da, təxminən 4 min il əvvəl Mesopotamiyada yaşamış bir mis taciri bu qaydanı pozmağa davam edir. 

HİT.az xəbər verir ki, Ea-nasir adlı bu antik şəxs, bu gün sıradan bir tarixi fiqur olmaqdan çıxaraq sosial medianın ən məşhur “pis tacir” simasına çevrilib.

Hər şey 2015-ci ildə Ginnessin Rekordlar Kitabı tərəfindən e.ə. 1750-ci ilə aid bir gil lövhəsinin “dünyanın ən qədim müştəri şikayət məktubu” kimi tanınması ilə başlayıb. O gündən bəri Ea-nasir, Mesopotamiyanın ən pis taciri kimi rəqəmsal mədəniyyətin ayrılmaz bir hissəsinə çevrilib.

Ea-nasir əslində düşünüldüyü qədər bacarıqsız olmaya bilər. O dövrdə mis, bu gün həyatımızı formalaşdıran mikroçiplər qədər həyati önəm daşıyırdı. Silahlar, zirehlər və hər cür alət üçün əsas xammal olan misin ticarəti, dövrün ən inkişaf etmiş texnologiyasını təmsil edirdi.

Ea-nasir Bəsrə Körfəzindən gətirdiyi misləri bu günkü İraq sərhədlərində yerləşən antik Ur şəhərindəki saraya çatdırırdı. Beləliklə, işin həcmi və riski olduqca böyük idi. Təbii ki, pulunu ödəyib keyfiyyətsiz məhsul alan birinin qəzəbi də bir o qədər böyük olurdu.

390229

Tarixə keçən məşhur şikayət məktubunu yazan şəxs Nanni adlı başqa bir tacir idi. Nanninin gil lövhəyə qazıdığı iradələr yalnız keyfiyyətsiz mislə məhdudlaşmırdı. Ea-nasirin yanlış çatdırmalar etdiyi, logistika proseslərində davamlı gecikmələr yaşandığı və ən pisi, Nanninin malları qəbul etməyə göndərdiyi qullara qarşı kobud davrandığı vurğulanırdı.

London Universitetindən professor Qabriel Moşenska bu məktubların niyə saxlandığına dair maraqlı nəzəriyyələrin olduğunu söyləyir. İnternetdə zarafatla Ea-nasirin “aşağılanmaqdan zövq aldığı üçün məktubları topladığı” deyilirsə də, əsl səbəb çox daha realistdir: adi iş qeydləri. İş dünyasında yaşanan mübahisələrə baxmayaraq, bu iki tacirin birlikdə işləməyə davam etməsi, sənədlərin niyə bir faylda saxlandığını izah edir.

Bəs, niyə 4 min illik “aldanma” hekayəsi bu gün hələ də bu qədər populyardır? Moşenskaya görə insanlar tarixi şəxsiyyətlərin də bizim kimi səhv edə biləcəyini, hiylə işlədə biləcəyini və ya məyus ola biləcəyini sevir. Keçmişin yalnız kahinlərdən və qəhrəman padşahlardan ibarət olmadığını, bizim kimi “adi” və qüsurlu insanların da o dövrdə yaşadığını görmək tarixi daha əlçatan edir. Aldadılmaq, minlərlə il keçsə də hər insanın əlaqə qura biləcəyi ümumbəşəri bir təcrübəyə çevrilib.

Ea-nasir artıq yalnız antik dövr fiquru deyil; aktual xəbərlər, siyasi satiralar və müasir ticarət fırıldaqlarında tez-tez adı çəkilən bir simvoldur. Məsələn, 2021-ci ildə iri bir emtia şirkətinin mis əvəzinə boyanmış daşlar alaraq aldadılması, internetdə dərhal “Ea-nasir geri döndü” şərhlərinə səbəb olub.

Arxeoloqlar isə bu vəziyyətdən olduqca razıdır. İnsanları muzeyə cəlb edən və ya qədim Mesopotamiya tarixinə maraq oyadan bu tip “gülməli” internet şakaları olsa da, bu marağın elm dünyası üçün əla fürsət olduğu düşünülür. Ea-nasirin hekayəsi bizə göstərir ki, necə yadda qalacağımızı seçə bilməsək də, arxamızda qoyduğumuz qeydlər min illər sonra tamamilə fərqli bir mənaya sahib ola bilər.

Samir
 

0