Balinalar qida çatışmazlığı səbəbindən "paylaşmağa" başlayıb: Nə baş verir?

DÜNYA
19:40 / 23.01.2026
51

Şimali Atlantikada yaşayan balinalar iqlim böhranı və artan antropogen təzyiq fonunda birgə yaşamaq və qida resurslarını bölüşdürmək üçün davranışlarını dəyişir. 

HİT.az “The Independent”ə istinadən xəbər verir ki, bu proseslər okean ekosistemlərini transformasiya edir və bunu yeni uzunmüddətli tədqiqat təsdiqləyir.

Müqəddəs Lavrenti körfəzində finvallar, qozbel balinalar və minke balinaları (kiçik zolaqlı kitlər) üzərində aparılan araşdırma göstərib ki, balinalar əvvəlki dövrlərlə müqayisədə daha çox balıq, daha az krill istehlak etməyə başlayıb. Nəticələri “Frontiers in Marine Science” jurnalında dərc olunan tədqiqatın müəllifləri hesab edir ki, bu dəyişikliklər okeanın isinməsi nəticəsində dəniz qida zəncirlərinin pozulması və ov üçün rəqabətin güclənməsi ilə bağlıdır.

Təxminən 30 illik müşahidələrə əsaslanan tədqiqat çərçivəsində 1992–2019-cu illər arasında toplanmış 1 100-dən çox balinanın dəri nümunəsi istifadə olunub. Alimlər azot və karbonun sabit izotoplarını – heyvanların nə ilə qidalandığını və qida zəncirində tutduqları mövqeni müəyyən etməyə imkan verən kimyəvi göstəriciləri – analiz ediblər.

Nümunələr Şimali Atlantikada ekoloji dəyişikliklərin üç fərqli dövrünü əhatə edir: nisbətən sərin 1990-cı illərdən tutmuş son illərdə daha isti sulara və dəniz buzunun azalmasına qədər.

Araşdırma göstərib ki, hər üç balina növü tədricən balıq əsaslı rasiona keçib, arktik krill isə – xərçəngkimilərə bənzər xırda orqanizmlər – onların qidalanmasında getdikcə daha az rol oynayır.

"Son dövrlərdə finvallar, qozbel balinalar və minke balinaları arasında resursların bölüşdürülməsinin artması qida əlçatanlığının məhdudlaşmasına cavab olaraq rəqabətin gücləndiyini göstərə bilər", deyə tədqiqatın aparıcı müəllifi, Kanadanın Moris Lamontan İnstitutundan Şarlotta Tesse-Larivye bildirib.

Onun sözlərinə görə, arktik krillin istehlakı azaldıqca finvallar və minke balinalarıgetdikcə daha çox pelagik balıqlara yönəlir və bu da həmin balıqları hər üç növ üçün əsas qida mənbəyinə çevirir. Pelagik balıqlar suyun qalınlığında – nə dəniz dibində, nə də sahilə yaxın zonada – yaşayır.

1990-cı illərdə əsasən krilllə qidalanan finvallar 2000-ci illərdə kapelin, siyənək və skumbriyanı, 2010-cu illərdə isə qumlu balıq və şimal krillini daha çox istehlak etməyə başlayıb. Qozbel balinalar tədqiqat dövrü boyunca məhdud sayda balıq növünə sabit şəkildə üstünlük verib. Minke kitləri əsasən pelagik balıqlarla qidalansa da, rasionlarında krilli daha uzun müddət saxlayıblar.

Alimlər bu dəyişiklikləri arktik krillin sayının azalması ilə əlaqələndirir. Bu növ əsas qida bazası hesab olunur və suyun isinməsinə, eləcə də okean şəraitindəki dəyişikliklərə xüsusilə həssasdır.

Hər üç balina növü eyni qidalanma ərazilərindən istifadə etməyə davam etsə də, zamanla öz “qida nişlərinə” daha çox əməl etməyə başlayıblar. Növlər arasında rasionun üst-üstə düşməsi azalıb ki, bu da resurs çatışmazlığı şəraitində rəqabətin artmasına xas göstəricidir.

“Resursların əlçatanlığından asılı olaraq nişlərin üst-üstə düşməsi dəyişir. Qida azaldıqda rəqabət güclənir və növlər, məsələn, fərqli ovlara ixtisaslaşmaqla bunu azaltmağa çalışır”, deyə Tesse-Larivye izah edib.

Eyni zamanda tədqiqatçılar bir növün digərini sıxışdırıb çıxardığına dair əlamətlər aşkar etməyiblər. Əksinə, balinalar birgə yaşamaq üçün davranışlarını uyğunlaşdırır.

“Bığlı balinalar kimi yüksək hərəkət qabiliyyətinə malik növlər qidalanma vaxtını və ya yerini dəyişməklə, yaxud eyni ərazi daxilində fərqli ov seçməklə rəqabəti azalda bilirlər”, deyə tədqiqatçı qeyd edib.

Müqəddəs Lavrenti körfəzi – balinalar üçün əsas mövsümi qidalanma ərazilərindən biri – okean temperaturunun artması, dəniz buzunun azalması və gəmiçiliklə balıqçılıq da daxil olmaqla insan fəaliyyətinin intensivləşməsi səbəbindən sürətli ekoloji dəyişikliklərə məruz qalıb.

Müəlliflər vurğulayır ki, bu tədqiqat iri dəniz heyvanlarının qısamüddətli dalğalanmalara deyil, uzunmüddətli ekosistem dəyişikliklərinə necə reaksiya verdiyini anlamaq üçün nadir imkan yaradır.

İzotop analizi qidalanma yerlərini və ya hər bir ov növünün payını dəqiq müəyyən etməyə imkan verməsə də, nəticələr təkcə balinaların deyil, onların asılı olduğu ekosistemlərin və qida resurslarının qorunmasının vacibliyini önə çəkir.

“Son dərəcə sürətli ekoloji dəyişikliklər Müqəddəs Lavrenti körfəzində rorkvallara artıq təsir göstərib. Onların trofik nişlərini izləmək və bu məlumatları balıqçılığın idarə olunması və dəniz qoruqlarının yaradılması zamanı nəzərə almaq son dərəcə vacibdir”, deyə Şarlotta Tesse-Larivye yekunlaşdırıb.

Samir

0