Gərginlik pik səviyyədə: ABŞ İranı vuracaq?

DÜNYA
11:22 / 26.01.2026
162

İranla ABŞ arasındakı gərginlik yenidən pik həddə çatıb.

Buna səbəb ABŞ-nin hərbi gəmi donanmasının İran ətrafına yaxınlaşması olub. Üstəlik, ABŞ Prezidenti Donald Tramp Tehranda rejim dəyişikliyi edə biləcəklərini açıqlayıb. Bunun ardından İrandan da sərt cavablar gəlib. SEPAH generalları hər hansısa hücum olacağı təqdirdə, ABŞ-yə müharibə elan edəcəkləri və regiondakı bazalarını vuracaqlarını deyiblər. Həmçinin, İran dövlət televiziyasında da ABŞ-nin gəmisinin vurulacağı təhdidinə yer verilib. 

Maraqlıdır, bu gərginlik nə ilə nəticələnəcək? Tramp həqiqətən İrana müdaxilə əmri verəcək?

Mövzu ilə bağlı Güney Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli Hit.az-a açıqlama verib.

O bildirib ki, İranla müttəfiqləri arasında “qaynar müharibə”nin olacağı yaxın müddətdə gözlənilən deyil:
“Çünki “isti çatışma” yayda baş verib. 12 günlük müharibədə İsrail də, İran da ağır zərbələr alıb, güc itirib. Yeni müharibənin başlanması üçün resurslar bərpa edilməli, silah arsenalı yenilənməlidir. Hesab edirəm ki, ABŞ İranla quru əməliyyatına risk etməz. Çünki Əfqanıstan və İraq təcrübəsi var. İranın quru qoşunları güclüdür və ABŞ bölgədə yeni bataqlığa batmaq istəməz. Tramp İrana zərbələr endirmək istəsə, bu hava zərbələri olacaq. Amma hədəf nə olacaq? ABŞ 12 günlük müharibədə İranın nüvə arsenalını sıradan çıxardı”. 

Ekspert vurğulayıb ki, İran Venesuela deyil:
“Deyək ki, Venesueladakı kimi İranın birinci şəxsini aradan götürmək istədi. O zaman hərbi gəmilərə nə ehtiyac var ki? Bu tipli əməliyyatlar gizli saxlanır və qəfil həyata keçirilir. Öncədən gövdə göstərişi nəyə lazımdır? Bir də ki, İran Venesuela deyil. İranın rəhbərini oğurlamaq mümkün olmaz. ABŞ İranın ali dini lideri Əli Xameneyini məhv etmək istəyir, amma bu, nəyi dəyişəcək? İran rəhbərini seçən Xubrəqan Məclisinin 90-a yaxın üzvü var. Xameneyi öləcək, yerinə başqası seçiləcək. Şiə aləmində ondan da güclü alimlər var”. 

Elman Cəfərli qeyd edib ki, İranda baş verən qış inqilabında bir nüans hər kəsin diqqətindən yayındı:
“Hadisələr zamanı ABŞ Prezidenti Donald Tramp çox aktiv idi, İran xalqına çağırış edir, “yardım yoldadır” deyirdi. Bəs nə oldu, o yardım niyə gəlmədi? Əslində, yardım falan yox idi. Sadəcə gündəmin İranla məşğul olması lazım idi. Çünki bir neçə gün öncə beynəlxalq hüquq ciddi şəkildə pozulmuş, ABŞ tərəfindən bir müstəqil dövlətin prezidenti oğurlanmışdı. Hadisə unudulan kimi Trampın İran inqilabına marağı da azaldı. Bu baxımdan düşünürəm ki, hərbi gəmilərin göndərilməsi imitasiya xarakteri daşıyır. Məncə, İran məsələsi bir müddət gündəmdən kənarda qalacaq”.

Elmir Mustafa


 

0