Təbiətin rəng dəyişdirən təpələri: "Şokolad" və arxasındakı qanlı tarix - FOTO

DÜNYA
13:40 / 27.01.2026
51

Filippin təbiətin ən maraqlı mənzərələrindən birinə ev sahibliyi edir və hər il minlərlə turisti qeyri-adi görünüşü ilə seçilən Şokolad təpələrini ("Chocolate Hills") görməyə dəvət edir. İlk baxışda nəhəng şokolad toplarını xatırladan bu relyef formaları təkcə vizual bir tamaşa deyil, eyni zamanda milyonlarla illik geoloji hekayəni də özündə cəmləyir.

HİT.az xəbər verir ki, Filippinin Bohol adasında yüksələn 1 776 ədəd əhəngdaşı təpəsi mövsüm dəyişdikcə sanki libasını dəyişir. Yağışlı dövrlərdə parlaq yaşıl rəngə bürünən bu təpələr fevral–may ayları arasındakı quraq mövsümdə qəhvəyi rəng alaraq adlarının mənasını doğruldur. Dünyada analoqu olmayan bu formalaşmalar 1988-ci ildən etibarən milli geoloji abidə kimi qorunur.

Hündürlüyü 30–120 metr arasında dəyişən bu konusvari strukturlar geologiyada “mogote” adlandırılan dik yamaclı təpələrdən ibarətdir. Elmi məlumatlara görə, bu mənzərə təxminən 2,6 milyon il əvvəl tektonik hərəkətlərin dəniz altındakı mərcan və dəniz çöküntülərini yuxarı qaldırması ilə formalaşmağa başlayıb. Zaman keçdikcə yağış suları və aşınma bu çöküntüləri bu gün gördüyümüz nizamlı yığınlara çevirib. Təpələrin altında isə hələ də kəşfini gözləyən sirli mağara sistemləri və yeraltı su ehtiyatları mövcuddur.

Yerli əhali bu qəribə formaları izah etmək üçün uzun illər nəhənglərin palçıq döyüşləri ilə bağlı əfsanələr danışıb. Lakin real həyatda yaşanan mübarizələr əfsanələrdən qat-qat sərt olub. Region 1990-cı illərin sonunda təbii abidə elan edildikdə, dolanışığını kənd təsərrüfatı və mədənçilikdən təmin edən yerli əhali mülkiyyət hüquqlarının məhdudlaşdırılacağı qorxusu ilə dövlətə qarşı etirazlara başlayıb.

Bu etirazlar zamanla “Şokolad təpələri komandanlığı” adlı bir partizan qrupunun ordu ilə silahlı toqquşmalarına qədər inkişaf edib. 1999-cu ildə baş verən silahlı qarşıdurmalarda 10 nəfər həyatını itirib. Bu gün region hələ də həssas tarazlıq vəziyyətindədir. Ətraf mühitin qorunması səyləri ilə turizm yatırımları arasındakı gərginlik son illərdə bir istirahət kompleksi tikintisinin yaratdığı narazılıqla yenidən gündəmə gəlib.

Samir

 

0