Almaniya Rusiyanın hücumunu dəf etməyə hazırlaşır - "The Times"

DÜNYA
16:12 / 27.01.2026
41

Almaniya qarşıdakı iki-üç il ərzində Rusiyanın NATO ölkələrinə mümkün genişmiqyaslı hücumu halında əsas rol oynamağa hazırlaşır.

HİT.az xəbər verir ki, bu barədə "The Times" yazır. 

Nəşrin məlumatına görə, Almaniya Silahlı Qüvvələrinin dəstək komandanlığının rəhbəri general-leytenant Gerald Funke ölkəni mümkün Rusiya hücumunun dəf edilməsinə hazırlayır.

Ən pis ssenariyə əsasən, Almaniya iki-üç il ərzində Rusiyanın hücumuna cavab verməyə hazır olmalıdır.

Bu ssenariyə görə, Rusiya NATO-ya qarşı genişmiqyaslı aqressiyaya başlayır və Almaniya Silahlı Qüvvələri hücumun ilk saatlarından etibarən hadisələrin episentrində olur.

Belə inkişaf zamanı 4,8 min hərbçidən ibarət mexanikləşdirilmiş piyada briqadası Litvadakı ön baza mövqeyindən zərbə endirir. Ardınca bir neçə gün ərzində daha 15 minlik sürətli reaksiya qüvvələri cəbhəyə göndərilir.

Növbəti həftələrdə müttəfiq ölkələrin on minlərlə əsgəri Almaniyanın şimal limanlarına çatır, oradan isə avtomobil və dəmir yolu marşrutları ilə şərqə daşınır. Bu marşrutlarda rus tərəfinin diversiyalar, kiberhücumlar və ehtimal olunan uzaqmənzilli raket zərbələri həyata keçirə biləcəyi bildirilir.

Bundan başqa, tezliklə hər gün yüzlərlə yaralının Almaniya hospitalarına çatdırılacağı gözlənilir. Bu miqyas koronavirus pandemiyasının ən ağır günləri ilə müqayisə olunur.

General-leytenant Funke bildirib: "Əfqanıstanda mənim, təəssüf ki, çox, amma idarəolunan sayda yaralım var idi. İndi isə gündə minə qədər yaralı əsgər ehtimalına uyğun plan hazırlayıram. Buna nə qədər diqqətlə baxırsansa, bir o qədər mürəkkəbləşir və təsəvvür etmək çətinləşir".

55 min şəxsi heyətə malik olan və bir çox Avropa milli ordularından daha böyük qüvvəyə rəhbərlik edən üç ulduzlu general Funke cəbhə xəttindən kənarda hərbi səylərin təmin olunması üçün lazım olan bütün sahələri əhatə edən geniş yeni strukturun başındadır.

Onun vəzifələrinə yaralıların təxliyəsi və müalicəsi ilə yanaşı, özəl sektordan resursların cəlb edilməsi, təchizatın və əlavə qüvvələrin döyüş zonasına çatdırılması daxildir.

Funkənin əsas tapşırığı NATO-nun Avropa hissəsində maddi-texniki təminatın fasiləsiz saxlanılmasıdır — hətta itkilərin artdığı, elektrik kəsintilərinin davamlı olduğu, qatarların iflic vəziyyətə düşdüyü və rus agentlərinin hər fürsətdə xaos yaratdığı şəraitdə belə. O vurğulayıb:

"Məni narahat edən əsas məsələ hazırda hibrid, gizli tərəfdir: sabotaj, gizli hüceyrələr, müəyyən növ hədəfli hücumlar. Uzaqmənzilli raketlərin tətbiqini də istisna edə bilmərəm. Amma düşünürəm ki, hibrid təhlükə kifayət qədər yüksəkdir".

O əlavə edib ki, Almaniyanı logistika mərkəzi kimi qorumaq və təchizat xətlərini mümkün qədər uzun müddət və sabit şəkildə saxlamaq vacibdir. Bu o deməkdir ki, bir marşrut sıradan çıxarsa, alternativ marşrutdan istifadə mümkün olmalıdır.

Samir
 

0