Ruanda hökuməti Niderlandın Haaq şəhərində yerləşən Daimi Beynəlxalq Arbitraj Palatasına Böyük Britaniyaya qarşı iddia qaldırıb. Londonu, Britaniya tərəfindən qovulan qeyri-qanuni miqrantların Ruanda ərazisinə qəbul olunması üzrə ikitərəfli razılaşmadakı öhdəlikləri yerinə yetirməməkdə ittiham edib.
HİT.az xəbər verir ki, bu barədə ölkənin rəsmi nümayəndəlik ofisinə istinadla "The New Times" qəzeti məlumat verib.
25 aprel 2024-cü il tarixində Britaniya tərəfinin xahişi ilə bağlanan ikitərəfli razılaşmaya görə, miqrantların qəbul edilməsi və onların milli iqtisadiyyata inteqrasiyası üçün Britaniya Ruandaya maliyyə dəstəyi verməli idi. Lakin iyul 2024-cü ildə hakimiyyətə gələn Kir Starmerin rəhbərlik etdiyi yeni Britaniya hökuməti razılaşmanı Ruandanın əvvəlcədən razılığı olmadan etibarsız elan edib.
Razılaşmaya əsasən, Britaniya Ruandaya 100 milyon funt sterlinq ($138 milyon) məbləğini iki bərabər hissə ilə – keçən ilin aprelində və cari ilin aprelində – ödəməli idi, lakin bunu etməyib. Bundan əlavə, Ruandada öz həyatını təmin edə bilməyən miqrantların Britaniya hesabına üçüncü ölkəyə köçürülməsi şərti də yerinə yetirilməyib.
Ruanda hakimiyyətinin bu mübahisəni diplomatik kanallar vasitəsilə həll etmək cəhdləri uğursuz olub.
Samir


