“USS Abraham Lincoln” aviadaşıyıcısının aviasiya qanadı ilə birlikdə ümumi dəyəri 12–16 milyard dollar təşkil edir ki, bu da bir sıra kiçik dövlətlərin illik ÜDM-indən çoxdur.
ABŞ-ın nüvə enerjili “USS Abraham Lincoln” aviadaşıyıcısı dünyada ən bahalı hərbi obyektlərdən biri hesab olunur.
HİT.az xəbər verir ki, “Wionews”in yazdığına görə, gəminin aviasiya qanadı ilə birlikdə ümumi dəyəri 12–16 milyard dollar səviyyəsində qiymətləndirilir. Bu da bir neçə suveren ölkənin illik ümumi daxili məhsulunu üstələyir.
“USS Abraham Lincoln” (CVN-72) “Nimitz” sinfinə aid aviadaşıyıcıdır. Uzunluğu 330 metrdən artıq, su yerdəyişməsi isə təxminən 100 min ton təşkil edir. Bu, indiyədək inşa edilmiş ən böyük döyüş gəmilərindən biridir və faktiki olaraq ABŞ-ın “üzən ərazisi” sayılır.
Aviadaşıyıcının inşası 1980-ci illərin sonlarında təxminən 4,5 milyard dollara başa gəlib. İnflyasiya nəzərə alındıqda, bu gün yalnız gəminin korpusunun dəyəri 11 milyard dollardan artıq qiymətləndirilir.
Ümumi dəyərin əsas hissəsi aviasiya qanadının payına düşür. Göyərtədə “F/A-18 Super Hornet” qırıcıları yerləşdirilir, eyni zamanda “F-35C Lightning II” təyyarələrindən də istifadə oluna bilər. Təyyarələr və aviasiya avadanlıqlarının ümumi dəyəri əlavə olaraq təxminən 5 milyard dollar təşkil edir.
Beləliklə, “USS Abraham Lincoln” aviadaşıyıcısının aviasiya qanadı ilə birlikdə tam dəyəri 12–16 milyard dollar arasında dəyişir və bu onu dünyanın ən bahalı tək hərbi aktivlərindən birinə çevirir.
Dövlətlərin iqtisadiyyatından baha:
* Maldiv adalarının ÜDM-i – təxminən 7,5 milyard dollar
Ficinin ÜDM-i – təxminən 6,3 milyard dollar
* Butanın ÜDM-i – təxminən 3,1 milyard dollar
Beləliklə, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus bir aviadaşıyıcının dəyəri bu ölkələrin hər birinin illik iqtisadiyyatından çoxdur, Butanla müqayisədə isə demək olar ki, beş dəfə artıqdır.
“USS Abraham Lincoln”un istismarı gündə təxminən 2,5 milyon dollara, yəni ildə 900 milyon dollardan çox vəsaitə başa gəlir. Bu məbləğə döyüş əməliyyatlarının xərcləri daxil deyil.
Gəmi iki ədəd “A4W” tipli nüvə reaktoru ilə təchiz olunub. Bu reaktorlar aviadaşıyıcının 20 ilə qədər yanacaq yenilənməsi olmadan fəaliyyət göstərməsinə imkan verir. Məhz bu sistem onun son dərəcə yüksək dəyərinin əsas səbəblərindən biridir.
ABŞ-da “USS Abraham Lincoln” yalnız döyüş gəmisi kimi deyil, həm də qlobal çəkindirmə və diplomatik təzyiq aləti kimi qiymətləndirilir. Vaşinqtonun fikrincə, dünyanın istənilən bölgəsində sürətlə hərbi güc nümayiş etdirmək qabiliyyəti bütöv dövlətlərin iqtisadiyyatını aşan xərcləri əsaslandırır.
Samir


