Meksikanın cənubunda, Oaxaka ştatında arxeoloqlar nadir bir tapıntı aşkar ediblər – VI–VII əsrlərə aid yaxşı qorunmuş Sapotek məzar kamerası.
HİT.az “Der Spiegel”ə istinadən xəbər verir ki, Meksikanın Milli Antropologiya və Tarix İnstitutu məzarın Oaxaka vadilərində tapıldığını bildirir. Ölkə prezidenti Klaudiya Şeynbaum bu tapıntını son on ilin Meksikadakı ən əhəmiyyətli arxeoloji kəşfi adlandırıb.
Alimlərin sözlərinə görə, memarlıq və bədii elementlərin qorunma səviyyəsi o qədər yüksəkdir ki, Sapoteklərin simvolları və ritualları detallı şəkildə öyrənilə bilir.
Xüsusi diqqət araşdırıcıların daşdan hazırlanmış bayquş təsvirinə yönəlib. Məzarın ön otağına yerləşdirilən bu təsvir Sapotek dünyagörüşündə gecə və ölümü simvolizə edir. Bayquşun dimdiyi üzünü örtür – arxeoloqların ehtimalına görə, bu, məzarda dəfn olunmuş şəxsin portreti ola bilər.
İki otaq arasında daş friz də tapılıb, üzərində təqvim adları həkk olunub. Qapı çərçivələrində isə baş geyimləri və rituallıq əşyaları ilə kişi və qadın fiqurları oyulub – yəqin ki, bu fiqurlar dəfn yerinin qoruyucularını simvollaşdırır.
Hazırda çoxdisiplinli mütəxəssis qrupu abidənin konservasiya işlərini və əlavə tədqiqatları aparır. Bəzi divar rəsmləri bitki kökləri və həşəratlar tərəfindən təsirləndiyindən həssas vəziyyətdədir və dərhal möhkəmləndirilməyə ehtiyac var.
Sapoteklər yüksək bədii zövqə malik əşyaları və zəngin məzarları ilə tanınır. Bu mədəniyyətin ilk izləri eramızdan əvvəl 1500-cü ilə aiddir, inkişaf dövrü isə eramızın 300–900-cu illərinə təsadüf edir. Oaxaka yaylasının sakinləri özlərini “bulud xalqı” adlandırıblar.
Onların paytaxtı Monte-Alban UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib. Bu xalqın ən məşhur nümayəndəsi XIX əsrdə Meksika prezidentliyi etmiş Benito Xuares hesab olunur. O, ölkəni xarici müdaxilədən uğurla qoruyub.
Samir


