Ərdoğan ABŞ-İran müharibəsinin qarşısını ala biləcək?

DÜNYA
14:14 / 30.01.2026
193

“Yaxın Şərqdə gərginliyi artıran ən təhlükəli məsələ ABŞ-nin regionda İrana qarşı cəmləşdirdiyi hərbi qüvvələrdir”. 

Bu sözləri siyasi ekspert Novruz Novruzov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, ABŞ Prezidenti Donald Trampın hərbə-zorba taktikası bu dəfə işləyəcəyi çətin görünür:
“Ona görə ki, İran hər hansı hücuma qarşı kifayət qədər zaman çərçivəsində müqavimət göstərmək gücündədir. Ölkənin canlı insan və hərbi texnika sarıdan resursları buna imkan verir. Məncə, Tramp İranla açıq müharibəyə girməyəcək. 

Ən azından müşavirləri ona bu yolu məsləhət görməyəcəklər. Səbəbi də odur ki, Tramp uzun sürən müharibə tərəfdarı deyil. Onun təsəvvüründə Venesuelada həyata keçirilən ani hücum taktikası ilə məqsədə çatmaq simptomu var, lakin bu variant hər ölkə, o cümlədən İran üçün keçərli ola bilməz”. 

Ekspert belə olan halda Amerikanın nə üçün Körfəz ölkələrinin ətrafına iri hərbi qüvvələr yerləşdirməsi barədə sualı da cavablandırıb:
“Bu, Yaxın Şərqdə baş verən geostrateji dəyişikliklər fonunda ABŞ-nin mənafeyini qorumaq strategiyasına xidmət edir. Hərbi qüvvə kontingenti nüvə texnologiyasının inkişafı üzrə Amerika-İran danışıqlarında qarşı tərəfə təsir vasitəsi rolunu oynayır. Həm də ABŞ-nin bu regionda möhkəmlənməsi üçün mümkün eskalasiyanın qarşısı lazım gələrsə, hərbi yolla alına bilər. Üstəlik, Amerikanın Suriyadakı hərbi  bazaları boşalır, bunların yerini doldurma üçün yeni hərbi bazalara ehtiyac var”.

Onun sözlərinə görə, bu səbəblərin arxasında Donald Trampın dünyada ABŞ-nin rəhbərlik etdiyi birqütblü dünya düzəni dayanır:
“Əgər İran öz nüvə bombasını yaradarsa, bu, Trampın yolunda ən böyük əngəl olacaq. Çünki Amerika siyasətindən narazı qüvvələr dərhal İranın ətrafında birləşməyə çalışacaqlar. Bu ehtimala görə Tramp İranın nüvə obyektlərinin vurulması üçün göstəriş verə bilər. 

Lakin belə bir hal olarsa İran 100 faiz olmasa da, ən azı 50 faizlik zərbə ilə buna cavab verə bilər. Bu isə həm Trampın məqsədinə, həm də yaratmaq istədiyi “sülhpərvər prezident” imicinə ağır zərbə olar. Yaxın Şərqdə formalaşan bu cür hərbi-siyasi panoramın yaranmasına görə beynəlxalq oyunçu statusu daşıyan digər dövlətlərin maraqları da zərbə altına düşür”.

Novruz Novzurov Türkiyənin ABŞ-İran müharibəsinin qarşısını almaq üçün hər iki tərəflə danışıqlar aparması barədə də danışıb: 
“Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın İrana qarşı mümkün hücum planının qarşısını almaq üçün fəal siyasi müzakirələr aparması tamamilə məntiqlidir. Türkiyənin regionda yeri və rolu geniş və güclüdür. Tramp da bunu bilməmiş deyil. Əgər Türkiyə və güclü maliyyə resurslarına malik bir sıra körfəz ölkələri İrana hücumun əleyhinədirsə, deməli, hücum planı mütləq məqsəd daşımır. 

ABŞ qardaş ölkəni özünün müttəfiqləri sırasında görmək istədiyindən onun maraqlarını görməzdən gələ bilməz. Əks halda, Trampın siyasəti iflasa məhkum olacaq. Yəni, Türkiyənin fəallığı Trampın qərarlarına təsir edəcək, xüsusilə onun Ərdağana rəğbət bəsləməsi bu işdə nikbinliyə əsas verir. Başqa sözlə, Türkiyənin sayəsində İranla müharibə ideyasının qarşısı alınacaq. Təbii ki, bu istiqamətdə rəsmi Tehranın da qarşılıqlı olaraq bəzi addımlar atması vacibdir. Əslində, İranın xarici işlər naziri Abbas Əraqçının Türkiyəyə səfərinin məqsədi də məhz Ərdoğanın sülh təşəbbüsü ilə bağlıdır”. 

Elmir Mustafa
 

0