II Qareginin həbs olunma ehtimalı realdır?

DÜNYA
19:19 / 30.01.2026
123

Ermənistan İstintaq Komitəsi Erməni Apostol Kilsəsinə qarşı cinayət işi açıb. 

Bu barədə vəkil Ruben Melikyan məlumat yayıb. Onun sözlərinə görə, cinayət işinin açılmasında məqsəd Bütün ermənilərin Katalikosu II Qareginin Ermənistandan çıxışına qadağa qoymaq və arxiyepiskopların Avstriyada keçiriləcək yığıncağını pozmaqdır.

Maraqlıdır, II Qareginin həbs olunma ehtimalları nə dərəcədə real görünür?

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Hit.az-a açıqlamasında bildirib ki, Erməni Apostol Kilsəsinə qarşı cinayət işinin açılması gözlənilməz hadisə deyil, hökumətlə kilsə arasında davam edən qarşıdurmanın məntiqi nəticəsidir:

"Ermənistanın Baş naziri Nikol Paşinyan onun qəbul etdiyi strateji xəttə təhlükə yaradan kilsənin neytrallaşdırılması və ölkənin siyasi səhnəsindən uzaqlaşdırılmasında qərarlıdır. Bununla bağlı konkret addımlar atılır və nəticə əldə edilməsi üçün 3 variant var. Birinci variant odur ki, ruhanilər seçki yolu ilə II Qaregini tutduğu postan uzaqlaşdırırlar. 

Digər variant isə ictimai etirazlar vasitəsilə bu addım atılır. Hökumət bu variantlarla bağlı cəhdlər etsə də nəticə əldə edə bilmədi. Hətta Paşinyan din xadimlərini II Qareginə qarşı qoymaqla, eyni zamanda onun “subaylıq andı”nı pozamqda ittiham etməklə və ictimai etirazlar formalaşdırmaqla təzyqilər etsə də bu baş vermədi".

390831

Ekspert hesab edir ki, II Qaregin Paşinyanın təzyiqlərini neytrallaşdırmaq üçün əks-həmlə etməyə, yəni ictimai dəstək qazanmağa və xaricdəki erməni ruhanilər, eyni zamanda lobbinin timsalında dayaqlar əldə etməyə çalışır:

"Hökumət isə bütün gücü ilə bunu əngəlləyir. Artıq 3-cü, sonuncu variant olan qanuni yollarla II Qareginin vəzifəsindən uzaqlaşdırılması prosesi başlayıb. Fikrimcə, hökumət heç bir halda hesablanmamış addım atmaz. Yəni əlində II Qareginin həbsinə əsas verəcək faktlar olmasa buna getməz. Paşinyan dəfələrlə bunun mesajını verib. Bu baxımdan hesab edirəm ki, II Qaregin ən yaxşı halda ev dustaqlığına ümid etməlidir”.

Əli Zülfüqaroğlu qeyd edib ki, hökumət buna getməyəcəyi halda özünə qarşı təhlükənin böyüməsinə şərait yaratmış olur:

"Kilsə və revanşistlər Rusiya tərəfindən dəstəklənir. Bu qüvvələr də hər vəchlə sülh prosesini pozmağa, hakimiyyətə yiyələnməklə sonrakı dönəmdə Rusiyanın dəstəyinə ümid edirlər. Paşinyan da bilir ki, kilsə və revanşistlərin bu niyyəti Ermənistanı məhvə sürükləyir. Ona görə də düşünürəm ki, Paşinyan zərərli və utopik ideoloji xəttin daşıyıcısı olan kilsəni sıradan çıxarmaqda qətiyyətlidir. Belə olmayacağı halda “real Ermənistan” konsepsiyası heç bir halda reallaşa bilməz. Konkret addımlar atılandan sonra kilsənin konstitusion hüquqları da əlindən alınacaq".

Günel

0