Donbas məsələsi nə vaxt həll olunacaq? - ABŞ səfirindən açıqlama

DÜNYA
18:30 / 30.01.2026
48

ABŞ-ın NATO-dakı səfiri Mettyu Uitaker Donbasla bağlı ərazi məsələsinin həllinin nə vaxt mümkün ola biləcəyinə dair açıqlama verib.

HİT.az xəbər verir ki, onun sözlərinə görə, Ukrayna və Rusiya arasında ərazilərlə bağlı razılaşmanın əldə olunub-olunmayacağı artıq yaxın həftələrdə məlum olacaq. 

Mettyu Uitaker bu barədə "X" platformasında paylaşım edib. O, bir daha vurğulayıb ki, Ukrayna ilə Rusiya arasındakı bütün əsas ziddiyyətlər məhz ərazi məsələsi ətrafında cəmləşir. Bununla belə, yaxın həftələr iki ölkənin bu mövzuda razılığa gəlib-gəlməyəcəyini göstərəcək. Uitaker əlavə edib ki, Rusiya müharibəni davam etdirir və hər gün “minlərlə əsgərini” itirir:

"Başlanğıcdan bəri müharibədə hər iki tərəfin ümumi itkilərinin 2 milyon nəfərə çatdığını göstərən açıq mənbəli hesabat görmüşəm. Bu, fəlakətdir".

Ukraynada müharibənin sona çatdırılması üzrə növbəti danışıqlar raundu 1 fevral tarixində Əbu-Dabidə keçirilməlidir. Yanvarın 29-da ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff bildirib ki, Əbu-Dabidə keçirilən son görüş zamanı Rusiya–Ukrayna müharibəsinin başa çatdırılması istiqamətində “əhəmiyyətli irəliləyiş” əldə olunub.

Həmin gün Avropa İttifaqının yüksək nümayəndəsi Kaya Kallas isə deyib ki, Rusiya Əbu-Dabidə aparılan danışıqlara ciddi yanaşmır, lakin ABŞ-nin sülh sazişi bağlamaq cəhdi çərçivəsində Ukraynaya irəli sürdüyü güzəştlərin səviyyəsindən məmnundur.

“Bunu başa düşmək vacibdir. Əgər Əbu-Dabidəki danışıqlara baxsanız, görərsiniz ki, ruslar qərar qəbul etmək səlahiyyəti olan səviyyədə təmsil olunmayıblar. Bu da onların prosesi ciddi qəbul etmədiyini göstərir”, deyə Kallas vurğulayıb.

Samir
 

0