Çilinin Patagoniya Milli Parkında azadlığa buraxılan quşlardan biri Karmen adlı dişi kondordur. O, 2023-cü ildə əsirlikdə doğulub. İkinci quş qanadı zədələndikdən sonra xilas edilən gənc erkək Aukinkodur. Üçüncü erkək kondor isə Çilinin Paytaxt Regionunun dağlarında ayağı sınıq vəziyyətdə tapılan Farelyondur.
Hit.az xəbər verir ki, discoverwildlife.com saytının yazdığına görə, bir neçə ay əvvəl bu üç kondor Mərkəzi Çilidə yerləşən Yırtıcı Quşların Reabilitasiya Mərkəzindən Patagoniya Milli Parkındakı buraxılışöncəsi volyerlərə köçürülüb.
Burada onlar karantinə alınıb və sağlamlıq yoxlamasından keçirilib. Səmaya qalxdıqdan sonra quşlar son on il ərzində “Manku” layihəsi çərçivəsində azadlığa buraxılmış təxminən iki onlarla digər and kondoruna qoşulublar.
Bütün quşlar peyk və radio ötürücülərlə təchiz olunub. “2019-cu ildən etibarən kondorların uçuş marşrutlarını izləmək üçün peyk monitorinqindən istifadə edirik. Bu, onların hərəkətlərini, qarşılaşdıqları təhlükələri anlamağa və kritik risklərin cəmləşdiyi əraziləri müəyyənləşdirməyə imkan verir”, deyə “Kortes Solari” xeyriyyə təşkilatının icraçı prezidenti Fransiska Kortes Solari bildirib.
Kondorların azadlığa buraxılması “Rewilding Chile Foundation” fondunun həyata keçirdiyi “Manku” layihəsinin tərkib hissəsidir. Layihənin əsas məqsədi bu simvolik and quşunun populyasiyasını gücləndirməkdir.
And kondoru son dərəcə iri quşdur. Bu qrifin qanad açıqlığı 3 metrə qədər çatır, çəkisi isə 15 kiloqrama qədər ola bilir. O, dünyada ən ağır və ən böyük yırtıcı quş hesab olunur. Növ And dağlarında və Cənubi Amerikanın qərbində, Sakit okean sahillərinə bitişik ərazilərdə yayılıb və hazırda nəsli kəsilmə təhlükəsi altındadır.
Buna iki əsas amil təsir edir. Birincisi, təbii yaşayış mühitinin itirilməsidir. İkincisi və ən ciddi problem isə “ikincili zəhərlənmə”dir. Əslində leşlə qidalanan bu quşlar tez-tez yırtıcılara qarşı istifadə olunan zəhərli maddələrlə çirklənmiş heyvan cəsədlərindən zəhərlənirlər. Çilidə mal-qaranı qorumaq üçün çobanlar tez-tez yırtıcı heyvanları zəhərləyirlər.
Mərkəzi Çilidə və Patagoniya Milli Parkında kondorların sayı azalmaqdadır.
And kondoru Çili, Boliviya, Kolumbiya, Ekvador və Perunun milli simvoludur və bu ölkələrin folkloru və mifologiyasında mühüm yer tutur. O, həmçinin vacib ekosistem mühəndisi hesab olunur. “Kondorlar təbiətdə əsas rol oynayır”, deyə “Rewilding Chile” təşkilatının vəhşi təbiət üzrə direktoru Kristian Sausedo bildirib.
Heyvan cəsədləri ilə qidalanaraq onlar xəstəliklərin yayılmasının qarşısını alır və qida maddələrini yenidən torpağa qaytarırlar. Bundan əlavə, kondorlar indikator növdür: onların populyasiyasının vəziyyəti ekosistemin ümumi sağlamlıq səviyyəsini əks etdirir.
Samir


