İran olaylarında şok gəlişmə: “Keçid hökumətinin rəhbəri o olacaq”

DÜNYA
13:03 / 03.02.2026
173

“İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə nüvə danışıqlarının başladılmasına dair göstəriş verib. Bu, əslində baş verən son hadisələrdən sonra Məsud Pezeşkianın önə çıxmasına işarədir”.

Bu sözləri siyasi şərhçi Elman Cəfərli Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, Pezeşkian fors-major situasiyada hər kəsin qəbul edəcəyi fiqurdur:
“Məsud Pezeşkian İranın xalq tərəfindən seçilmiş legitim Prezidentdir. İndiyə qədər baş verən etiraz aksiyalarında ona qarşı hər hansı narazılıq bildirilməyib, onun əleyhinə şüar səslənməyib. Əksinə, Pezeşkian yanvar ayında baş vermiş iğtişaşlar zamanı xalqın tərəfini tutdu, bahalaşmaya görə, günahın hakimiyyətdə olduğunu söylədi. Bu gün Məsud Pezeşkian nə Qərbin, nə İsrailin, nə də xalqın hədəfindədir. Məsud doktor il yarımdır Prezident seçilib, elə bir səlahiyyəti də yoxdur”. 

Ekspert Azərbaycanın İrandakı sabiq səfiri Abbasəli Həsənovun son günlərdə verdiyi müsahibəni xatırladıb:
“O, müsahibəsində bildirdi ki, “Məsud Pezeşkianın səlahiyyəti yoxdur, məsuliyyəti var”. Bu, o deməkdir ki, xalqa qarşı törədilmiş son cinayətlərdə Pezeşkianın heç bir rolu olmayıb. Narazı xalqa qarşı cəza mexanizmini ali dini lider Əli Xamenei başda olmaqla, molla rejimi işə salıb. Son məlumatlara görə, SEPAH və Bəsic-in silahlı qüvvələri “iğtişaşçı” adı ilə 30 minə yaxın İran vətəndaşını qətlə yetiriblər. Bu, artıq xalqa qarşı cinayətdir və beynəlxalq bu cür əməllər məhkum edir. Bu cinayətlərdə İran Prezidentinin əli olmadığına görə sabah İranda ruhanilər hakimiyyətdən gedərsə, keçid hökumətinin rəhbəri Məsud Pezeşkian olacaq”.

Onun sözlərinə görə, artıq İranla bağlı maraqlı dövlətlər də legitim prezident kimi məhz Məsud Pezeşkianın üzərində dayanır:
“Gəlinən ortaq nöqtə odur ki, artıq “vilayəti-fəqih” yaşaya bilməyəcək. Bu sistemin ömrü bitib, İran sekulyar dövlətə çevriləcək. İranın parçalanacağına dair deyilənlər cəfəngiyyatdır. Qərb Yaxın Şərqdə xırda dövlətlərin yaranmasında maraqlı deyil. İraq və ya Suriya hansı biri parçalandı? İran da belə olacaq. Sadəcə rejimi dəyişəcəklər. Dünyaya, bölgəyə təhlükə İranın hazırkı dini rejimidir. Məsud Pezeşkianın rəhbərliyində sekulyar İran isə belə odioz dövlət olmayacaq”.

Elmir Mustafa

0