KİV: Kubada hərbi aerodroma İl-76-nın gəlişi ABŞ-ni təşvişə salıb

DÜNYA
18:40 / 03.02.2026
50

Rusiyaya məxsus İl-76 yük təyyarəsinin bazar günü axşam saatlarında Havanadakı hərbi aerodroma enməsi ABŞ rəsmilərinin narahatlığına səbəb olub. 

HİT.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb. 

Qeyd edilir ki, təyyarə daha əvvəl ABŞ-ın Venesuela prezidenti Nikolas Maduronu ələ keçirməsi ərəfəsində oxşar marşrutla hərəkət edib.

Sanksiyalar altına düşmüş İl-76 təyyarəsi Rusiyanın “AviaKon Tsitotrans” aviaşirkəti tərəfindən istismar olunur və Havanadan 48 kilometr cənubda yerləşən San-Antonio-de-los-Banyos hərbi aerodromuna enib. Məqalədə vurğulanır ki, adətən hərbi texnikanın daşınması üçün istifadə olunan bu təyyarə bundan əvvəl Sankt-Peterburq və Soçidə, həmçinin Mavritaniya və Dominikan Respublikasında enişlər həyata keçirib.

“Eyni təyyarə 2025-ci ilin oktyabr ayının sonunda Vaşinqtonla Karakas arasında münasibətlərin kəskinləşdiyi dövrdə Venesuela, Nikaraqua və Kubaya reyslər yerinə yetirib. Bu hərəkətlər ABŞ-nin Venesuelada həyata keçirdiyi hərbi əməliyyatlardan əvvəl baş verib”, deyə “Fox News” jurnalistləri qeyd edirlər. Onların sözlərinə görə, o vaxtdan bəri amerikalı rəsmilər və analitiklər bu hadisələr ardıcıllığını narahatedici siqnal kimi dəyərləndirirlər.

ABŞ prezidenti Donald Tramp yanvarın 30-da “Kubadan qaynaqlanan təhdid” səbəbilə fövqəladə vəziyyət elan edib və adaya neft tədarük edən ölkələrdən idxal olunan mallara əlavə rüsumlar tətbiq olunması barədə sərəncam imzalayıb. Media yazır ki, ABŞ administrasiyasında Kuba hakimiyyətinin devrilməsi məqsədilə adaya qarşı neft blokadası variantı da müzakirə olunub. Rusiya Xarici İşlər Nazirliyi Kubaya təzyiqləri yolverilməz adlandırıb və ölkəyə siyasi və maddi dəstəyin davam etdirilməsinə hazır olduğunu bəyan edib.

Samir
 

0