ABŞ-yə məxsus “USS Abraham Lincoln” aviadaşıyıcısının göyərtəsində təxminən 5 min hərbçi xidmət etsə də, onların arasında elit “Delta Force” bölməsinin döyüşçüləri yoxdur.
HİT.az xəbər verir ki, “Wionews”un yazdığına görə, bunun səbəbi ABŞ Silahlı Qüvvələrinin qoşun növləri arasındakı fərqlər, aviadaşıyıcının missiya xarakteri və xüsusi təyinatlı qüvvələrin tətbiq prinsipləridir.
Aviadaşıyıcı ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmidir və onun heyəti dənizçilərdən və dəniz piyadaları bölmələrindən ibarətdir. Onlar gəminin istismarı, aviakrilin uçuş əməliyyatları və nüvə enerji qurğusunun təhlükəsizliyinə cavabdehdirlər, quru üzərində reydlərin keçirilməsi isə onların vəzifəsinə daxil deyil.
“Delta Force” ABŞ ordusunun birinci səviyyəli xüsusi təyinatlı bölməsidir və əsasən terrorla mübarizə, girovların azad edilməsi və quruda dəqiq reydlər üzrə ixtisaslaşıb. Bölmənin şəxsi heyəti Şimali Karolinadakı Fort Liberti bazasında yerləşir və daimi məşqlər üçün xüsusi infrastrukturdan istifadə edir.
Dəniz xüsusi əməliyyatları üçün ABŞ Hərbi Dəniz Qüvvələri öz qüvvələrindən – dəniz mühitində və gəmilərdən əməliyyat aparmağa uyğunlaşdırılmış DEVGRU (“SEAL Team 6”) bölməsindən yararlanır. Xüsusi əməliyyatlarda əsas yük məhz “dəniz pişikləri”nin üzərinə düşür, ordunun bölmələri isə əsasən quru tapşırıqları üçün cəlb olunur.
Digər mühüm amil reaksiya sürətidir. Aviadaşıyıcılar təxminən 30 düyün (təqribən 56 km/saat) sürətlə hərəkət edir. “Delta Force” isə hava yolu ilə yerləşdirilir və bir neçə saat ərzində dünyanın istənilən nöqtəsinə göndərilə bilər.
Bundan əlavə, “Delta Force”un bir operatorunun hazırlanması milyonlarla dollar tələb edir. Bu səbəbdən konkret tapşırıq olmadan belə döyüşçülərin uzun müddət gəmidə saxlanılması resursların səmərəsiz istifadəsi hesab olunur. Zərurət yaranarsa, bölmə aviadaşıyıcıdan müvəqqəti platforma kimi istifadə edə bilər, lakin daimi əsasda orada yerləşdirilmir.
Samir


