ABŞ-İran danışıqları ilə bağlı gözlənilməz addım atılıb.
Belə ki, görüşün keçiriləcəyi məkan dəyişib. Buna səbəb İranın etirazı olub. 6 fevral cümə günü İstanbulda keçirilməsi planlaşdırılan danışıqlarda ABŞ ilə İranla yanaşı, Türkiyə, Qətər, Misir, Səudiyyə Ərəbistanı və Pakistan da iştirak edəcəkdi. Lakin rəsmi Tehran bir neçə ərəb və müsəlman ölkəsinin müşahidəçi kimi iştirak etməsi əvəzinə, yalnız ABŞ ilə görüş keçirmək istəyir. Buna görə də görüşün cümə günü Omanda keçirilməsinə qərar verilib.
Maraqlıdır, nə üçün görüş məkanı son anda dəyişdi? Həmçinin, Türkiyə, Qətər, Misir, Səudiyyə Ərəbistanı və Pakistan niyə danışıqlar prosesindən çıxarıldı?
Mövzu ilə bağlı Hit.az-a açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki, danışıqlar məkanının son anda dəyişdirilməsi ilk növbədə İranın proses üzərində tam nəzarət istəyi ilə bağlıdır:
“Rəsmi Tehran bu mərhələdə məsələni mümkün qədər dar çərçivədə saxlamağa çalışır. İran rəhbərliyi hesab edir ki, çoxsaylı müşahidəçilərin iştirakı həm mövqelərinin elastikliyini azaldır, həm də daxili auditoriya üçün risk yaradır. Üstəlik, İstanbul kimi açıq və simvolik məkanda keçiriləcək görüş regional və beynəlxalq diqqəti daha da artıracaqdı, Bu isə İranın istədiyi sakit və nəzarətli danışıqlar mühitinə uyğun gəlmir. Oman isə uzun illərdir ABŞ-İran arasında pərdəarxası diplomatiya üçün etibarlı və neytral platforma kimi qəbul olunur”.
Ekspert Türkiyə, Qətər, Misir, Səudiyyə Ərəbistanı və Pakistanın prosesdən kənarda saxlanması barədə də danışıb:
“Bu, Tehranın regional balansları danışıqlar masasına daşımaq istəməməsi ilə izah oluna bilər. Bu ölkələrin hər birinin ya ABŞ ilə yaxın təhlükəsizlik əlaqələri, ya da İranla rəqabətli münasibətləri var. Yəni onların iştirakı danışıqları təkcə nüvə və sanksiyalar mövzusundan çıxarıb regional gündəmlə yükləyə bilərdi. İran hazırda əsasən Vaşinqtonla birbaşa hesablaşma aparmaq niyyətindədir, amma üçüncü tərəflərin mövcudluğu bu xətti zəiflədə bilərdi. Üstəlik, bəzi ərəb ölkələrinin iştirakının İran daxilində “regional təzyiq bloku” narrativini gücləndirmə ehtimallarını artırardı”.
Politoloqun sözlərinə görə, görüşün Omanda keçirilməsi həm ABŞ, həm də İran üçün daha funksional görünür:
“Vaşinqton üçün əsas prioritet konkret nəticə əldə etmək, Tehran üçün isə prosesi idarə olunan və daxili siyasi baxımdan risksiz saxlamaqdır. Regional oyunçuların kənarda qalması danışıqların texniki və ikitərəfli xarakterini gücləndirir, eləcə də mümkün razılaşmanın məsuliyyətini yalnız iki paytaxt arasında bölüşdürür. Bu addım göstərir ki, hazırkı mərhələdə İran üçün regional diplomatiyadan daha çox ABŞ ilə birbaşa razılaşma ehtimalı ön plana çıxıb”.
Elmir Mustafa



