Rusiya kəşfiyyatı internet vasitəsilə gəncləri Avropa boyunca casusluq, yandırma aksiyaları və digər cinayətləri törətmək üçün “birdəfəlik agentlər” kimi cəlb edir.
HİT.az “The New Yorker”ə istinadən xəbər verir ki, Avropa hüquq-mühafizə orqanları və kəşfiyyat xidmətlərinin məlumatına görə, onlayn çatlarda, xüsusilə “Telegram”da müxtəlif “iş” təklifləri yayılmağa başlayıb. Bu təkliflərin əksəriyyəti rusdilli auditoriyaya – yalnız ruslara deyil, həm də belaruslara və ukraynalılara yönəlib. Ödəniş isə adətən kriptovalyuta ilə vəd olunur.
Məqsəd Qərbin Ukraynaya yardım imkanlarını birbaşa zəiflətməkdən daha çox, genişmiqyaslı hərbi əməliyyatların “qiyməti” ilə bağlı ictimai rəyə təsir göstərməkdir.
“Onlar bir neçə min avroya başa gələn əməliyyat aparırlar və bunu itirilməsi onlar üçün əhəmiyyətsiz olan insanlar həyata keçirir. Biz isə Avropada aylarla davam edən istintaq aparırıq, məhdud resursları bir çox ölkəyə yayırıq. Bu vaxt onlar artıq növbəti əməliyyata keçiblər”, deyə Niderlandın Leyden Universitetində terrorizm və siyasi zorakılıq üzrə tədqiqat qrupunun rəhbəri Bart Şuurman bildirir.
Rusiya Ukraynaya genişmiqyaslı müdaxilədən sonra Avropa ölkələri yüzlərlə rus diplomatını ölkədən çıxarıb. Onların böyük hissəsi diplomatik örtük altında fəaliyyət göstərən kəşfiyyat əməkdaşları olub. Londondakı Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun elmi əməkdaşı Çarli Edvardsın sözlərinə görə, nəticədə Rusiya xüsusi xidmətləri əvvəl etdiklərini və ya etmək istədiklərini etmək imkanını itirib və daha yaradıcı olmağa məcbur qalıb.
Eyni zamanda, müharibə Rusiya xüsusi xidmətləri qarşısında bir sıra yeni vəzifələr qoyub. Kremlin baxışına görə, Rusiya təkcə Ukrayna ilə deyil, bütövlükdə Qərblə müharibə aparır. Müharibə şəraitində olan hər bir dövlət kimi, Rusiyanın da təchizat xətlərini pozmaq, qarışıqlıq yaratmaq və düşmən ərazisində əhalinin mənəvi ruhunu sarsıtmaq üçün stimulu var.
“Rusiya xüsusi xidmətlərinə yuxarıdan daha böyük təzyiq göstərilirdi, onlardan daha çox tapşırığın icrası gözlənilirdi, halbuki yerlərdə personal daha az idi”, deyə Polşa hərbi əks-kəşfiyyatının keçmiş yüksək rütbəli zabiti Matssey Matsyak qeyd edib.
Eyni zamanda, agentləri Rusiya dövlət təhlükəsizlik aparatındakı yüksək vəzifəli şəxslərlə əlaqələndirmək son dərəcə çətindir. Təlimatlar bir neçə vasitəçi səviyyəsi vasitəsilə ötürülür. Bu vasitəçilər çox vaxt Rusiya diasporunun nümayəndələri və ya cinayət aləmi ilə əlaqəli şəxslər olur. Avropalı bir kəşfiyyat nümayəndəsinin hesablamasına görə, fərdi tapşırıq prinsipi ilə çalışan agentlərlə Rusiya xüsusi xidmətlərinin rəsmi bölmələrində fəaliyyət göstərən “ştat” əməliyyatçıları arasında orta hesabla ən azı üç səviyyə mövcuddur.
“Bu, bütöv bir piramidadır. Yuxarıda GRU zabitləri var, onların altında isə koordinatorlar, cəlbedicilər, logistika üzrə mütəxəssislər, ödənişlərlə məşğul olan şəxslər, partlayıcıların hazırlanmasına cavabdeh olanlar, eləcə də avtomobillərə nəzarət edənlər dayanır”, deyə Polşa təhlükəsizlik xidmətlərinin əməkdaşı bildirib.
Onun sözlərinə görə, söhbət mütəşəkkil cinayət qruplaşmalarından götürülmüş strukturdan gedir: “Hər kəsin öz konkret vəzifəsi var. Heç kim başqasının nə ilə məşğul olduğunu bilmir”.
Çox vaxt Ukraynada döyüş bölgəsindən olan gənc qaçqınların Avropaya köçdükləri ölkələrdə uzunmüddətli yaşayış sənədləri və ya sabit gəlirləri olmur. Onlar yerli dili bilməyə və ya cəmiyyətə inteqrasiya olunmağa bilərlər. Polşa təhlükəsizlik xidmətinin əməkdaşının dediyinə görə, əgər biz onları tutsaq, bu, yalnız Rusiya təbliğatına kömək edəcək: baxın, siz onları dəstəkləyirsiniz, onlar isə sizə hücum edirlər.
Məqalədə qeyd olunur ki, 2022-ci ildən bəri təxminən yeddi milyon insan Ukraynanı tərk edib, onların təxminən üçdə biri Polşa və Almaniyaya daxil olub. Qiymətləndirmələrə görə, ən azı 250 min ukraynalı qaçqın Avropaya çatmazdan əvvəl Rusiya və Belarus ərazisindən keçib. Bu isə onların potensial cəlbetmə üçün əlverişli sayılan “filtrasiya məntəqələrindən” keçmiş ola biləcəyi anlamına gəlir.
Lakin demək olar ki, bütün hallarda yalnız bir məqsəd üçün cəlb olunan agentlər apolitikdir, pula ehtiyac duyurlar və sonda hansı məqsədə xidmət etdiklərini bilmirlər. Bununla belə, Rusiya dövləti Avropanın diversiya aktlarının arxasında onun dayandığını bilməsini istəyir, əks halda bu hücumlar mənasız olardı.
Rusiya Avropa İttifaqından kənardan olan miqrantları cinayət törətmək, qorxu yaymaq və hökumətlərə inamı sarsıtmaq üçün cəlb edir.
Çexiya kəşfiyyatının məlumatına görə, Rusiya “Telegram”dan potensial agentlərin cəlb edilməsi üçün istifadə edir. Bu şəxslər, xüsusilə, Ukraynaya hərbi yardım üçün nəzərdə tutulmuş hərbi bazaları və logistika mərkəzlərini videoya çəkir, həmçinin yandırma aksiyaları həyata keçirə bilərlər.
Samir


