Kanadanın müdafiə naziri Devid Makqinti ölkəsinin nüvə silahı almaq niyyətinin “qətiyyən olmadığını” bəyan edib.
HİT.az xəbər verir ki, bu barədə “The Canadian Press” məlumat yayıb.
Makqinti bildirib ki, Kanada nüvə silahlarının yayılmasını açıq şəkildə qadağan edən beynəlxalq müqavilələrə qoşulub.
“Kanada beynəlxalq müqavilələrin iştirakçısıdır ki, birincisi, bu cür addımı atmağımıza icazə vermir, ikincisi isə Kanada uzun illərdir nüvə silahlarının yayılmasına qarşı olan dövlətdir”, deyə müdafiə naziri çərşənbə axşamı jurnalistlərə bildirib.
O əlavə edib ki, Kanada adi silahların istehsalını davam etdirəcək, yenidən silahlanma aparacaq, investisiya qoyacaq və Kanada silahlı qüvvələrini bərpa edəcək.
Nazirin açıqlaması keçmiş müdafiə qərargah rəisi Veyn Ayrın Ottavanın nüvə silahı əldə etmək imkanını tam istisna etməməli olduğu barədə fikirlərinə cavab kimi səsləndirilib. Ayr bildirib ki, Kanada öz nüvə çəkindirmə vasitəsi olmadan heç vaxt real strateji müstəqilliyə sahib olmayacaq.
Media yazır ki, nüvə silahı beynəlxalq münasibətlərdə yenidən aktual mövzuya çevrilib. ABŞ və Rusiya arasında nüvə silahlarının yayılmamasına dair əsas müqavilə olan “START” sazişinin müddəti cümə axşamı başa çatır ki, bu da qlobal silahlanma yarışının yaxınlaşması ilə bağlı narahatlıqlar yaradır. ABŞ prezidenti Donald Trampın NATO haqqında dəfələrlə tənqidi açıqlamalar verməsi də ABŞ-ın müdafiəsi olmadan Rusiyanın aqressiyasına qarşı qorunmaq üçün daha çox ölkənin nüvə silahı əldə etməsinin zəruriliyi barədə müzakirələrə səbəb olub.
Qeyd edək ki, yanvarın 25-də İsveçin baş naziri Ulf Kristersson İsveçin dövlət televiziyası “SVT”nin efirində Stokholmun Fransa və Böyük Britaniya ilə nüvə silahı sahəsində mümkün əməkdaşlıqla bağlı ilkin danışıqlara başladığını bildirib. İsveç kimi Kanada da nüvə silahına malik olmayan dövlətdir və nüvə silahlarının yayılmaması haqqında beynəlxalq müqavilənin iştirakçısıdır. “NPT” kimi tanınan bu müqavilə nüvə silahına malik olmayan imzaçı ölkələrə bu silahları əldə etməyi və ya istehsal etməyi qadağan edir və qlobal tərksilah hərəkatının əsasını təşkil edir. Kanada bu müqaviləni 1970-ci ildə qüvvəyə mindiyi vaxtdan dəstəkləyir.
Samir


