“Dünyada müxtəlif hadisələrin baş verməsi fonunda gündəmdəki bəzi məsələlər arxa plana keçir”.
Bu sözləri Azad Vətən Partiyasının sədri Akif Nağı Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, hazırda dünya gündəmində 3 məsələ var:
“Onlar Rusiya-Ukrayna müharibəsi, İran və o qədər də aktual olmasa, Qrenlandiya məsələsidir. Bunların hər üçü gündəmdədir. Hazırda Qəzza problemi bir qədər arxa plana keçib. Lakin orada da müəyyən işlər, müzakirələr gedir. Buna baxmayaraq, sadaladığım üç məsələ gündəmdədir. Son günlərdə İran məsələsi daha çox qabarır, amma Ukrayna müharibəsi də qətiyyən arxa plana keçməyib. Onunla da bağlı müəyyən proseslər gedir, yəni açıqlamalar verilir və görüşlər keçirilir. Faktiki olaraq, ABŞ-nin vasitəçiliyilə Rusiya və Ukrayna nümayəndələri də görüşürlər”.
Lakin siyasətçi qeyd edib ki, hələlik gündəmdə İran məsələsi daha aktualdır:
“Çünki onun açıq müharibəyə çevrilmək təhlükəsi var. Düzdür, ABŞ və İran rəsmiləri Omanda görüşməklə bağlı razılığa gəliblər. Ancaq bu, daha çox müəyyən bir dövr üçün fasilə kimi nəzərdə tutulur. Çünki tərəflər arasındakı vəziyyət həddindən artıq gərgindir. Bu səbəbdən də orada hər an müharibə başlaya bilər”.
Partiya sədri onu da söyləyib ki, ABŞ İrana qarşı açıq müdaxilə fikrində deyil:
“Yəni hazırda əsas tələblərini ortaya qoyurlar. Lakin müharibə başlasa, İran sadəcə bir qədə müqavimət göstərə bilər. Sonda isə İran üçün bütövlükdə çox böyük bir fəlakət yaranar. Onlar da bunu başa düşdükləri üçün tərəflər arasında müəyyən danışıqlar prosesi gedir. Bütün bunların fonunda isə Rusiya-Ukrayna müharibəsinin arxa plana keçdiyini düşünmürəm. İndiki vəziyyətdə hələ orada məsələnin bitməsindən və yaxud arxa plana keçməsindən danışmaq olmaz”.
Elmir Mustafa



