Söhbət Vaşinqton və Moskvanı Soyuq müharibə dövründən bəri ilk dəfə nüvə arsenalına nəzarət mexanizmlərsiz qoyan Yeni START müqaviləsinin (Strateji Hücum Silahlarının Azaldılması üzrə Yeni Müqavilə) qüvvəsinin başa çatmasından gedir. ABŞ və Rusiya arasında strateji nüvə silahlarına nəzarət üzrə son əsas sazişin – 2011-ci ildə imzalanmış Yeni START müqaviləsinin qüvvə müddəti rəsmi olaraq başa çatıb. Bu isə yeni qlobal nüvə silahlanma yarışının risklərini artırır.
HİT.az xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.
Müqavilə hər iki tərəf üçün yerləşdirilmiş strateji nüvə döyüş başlıqlarının sayını 1550 vahidlə məhdudlaşdırır, həmçinin yoxlamalar və məlumat mübadiləsini nəzərdə tuturdu. Onun ləğvi ABŞ və Rusiyanın Soyuq müharibədən bəri ilk dəfə nüvə arsenallarına nəzarət edən heç bir qüvvədə olan mexanizmsiz qalması deməkdir.
“Razılaşmanın başa çatması dünyanı, şübhəsiz ki, daha təhlükəsiz etmir. Əsl itki şəffaflıqdır və onun yoxa çıxması siyasi riskləri artırır”, deyə BMT-nin Tərksilah Araşdırmaları İnstitutunun aparıcı elmi əməkdaşı Pavlo Podviq bildirib.
Müqavilənin qüvvədən düşməsi Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda Moskva ilə Qərb arasında münasibətlərin kəskin pisləşdiyi, NATO-da gərginliyin artdığı və Çinin nüvə potensialını sürətlə genişləndirdiyi bir dövrə təsadüf edir. Bu şəraitdə getdikcə daha çox ölkə nüvə silahının öz təhlükəsizliklərindəki roluna yenidən baxır.
Yeni START müqaviləsi ilkin olaraq 2021-ci ildə başa çatmalı idi, lakin tərəflər onu beş il müddətinə uzatmaq barədə razılığa gəlmişdilər. 2023-cü ildə Vladimir Putin Rusiyanın müqavilədə iştirakını dayandırdığını elan edərək yoxlamaları və məlumat mübadiləsini dondurmuş, bununla belə müəyyən edilmiş limitlərə əməl edəcəyini vəd etmişdi. İndi isə Moskva bildirir ki, artıq pakt çərçivəsində heç bir öhdəliklə bağlı sayılmır.
Analitiklər xəbərdarlıq edirlər ki, hüquqi məhdudiyyətlərin olmaması hər iki dövləti “ən pis ssenari” üzrə planlamağa və qısa müddətdə yerləşdirilmiş döyüş başlıqlarının sayını sürətlə artırmağa sövq edə bilər. Ekspertlərin qiymətləndirmələrinə görə, ABŞ və Rusiya nüvə arsenalını qısa zaman kəsiyində kəskin şəkildə böyütmək üçün texniki imkanlara malikdir.
Rusiya rəhbəri daha əvvəl ABŞ tərəfindən qarşılıqlı addımlar atılacağı təqdirdə müqavilə şərtlərinə daha bir il əməl etməyə hazır olduğunu bildirmişdi. Lakin ABŞ prezidenti Donald Tramp bu təklifə açıq şəkildə cavab verməmişdi. Ağ Evdə qeyd edirlər ki, nüvə nəzarəti sahəsində gələcək strategiya ayrıca müəyyən ediləcək və Vaşinqtonun Çini danışıqlara cəlb etmək istəyi nəzərə alınacaq.
Pekində bu ideya “məntiqsiz” adlandırılıb və vurğulanıb ki, Çinin nüvə potensialı ABŞ və Rusiyanın arsenalından xeyli geri qalır. Bununla yanaşı, Pentaqon Çinin nüvə qüvvələrini genişmiqyaslı şəkildə artırdığını və proqnozlara görə, 2030-cu ilə qədər döyüş başlıqlarının sayının 1000-i keçə biləcəyini bildirir.
Ekspertlər hesab edirlər ki, aparıcı nüvə dövlətləri arasında silahlara nəzarət üzrə bütün müqavilələrin tamamilə yoxluğu zəncirvari reaksiyaya səbəb ola və ABŞ-ın Avropadakı müttəfiqlərindən tutmuş Şimali Koreya və Pakistana qədər digər ölkələri də öz strateji arsenalını artırmağa sövq edə bilər.
Bu fonda Rusiya pilotsuz “Poseydon” torpedo aparatı, nüvə mühərrikli “Burevestnik” qanadlı raketi və hipersəs sistemləri daxil olmaqla yeni strateji silah növlərinin hazırlanmasını elan edir. ABŞ isə 1992-ci ildən bəri keçirilməyən nüvə sınaqlarına yanaşmaların yenidən nəzərdən keçirilməsini istisna etmir.
Analitiklərin fikrincə, Ukrayna üzrə potensial sülh razılaşması Moskva ilə Vaşinqton arasında strateji sabitlik mövzusunda daha geniş dialoqa yol aça bilər. Lakin hazırda dünya dərin nüvə qeyri-müəyyənliyi dövrünə daxil olur.
Samir


