Ötən il Rusiya hərbi məqsədlər üçün dövlət büdcəsinin təxminən yarısını xərcləyib, lakin real xərclər rəsmi hesabatlarda göstəriləndən xeyli yüksək olub.
HİT.az xəbər verir ki, “The Telegraph” nəşrinin Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) hesabatına istinadən yazdığına görə, Rusiyanın müdafiə xərcləri rəsmi bəyan edilən göstəriciləri 66 faiz üstələyir və bu xərclər 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı işğaldan bəri hər il kəskin şəkildə artır.
Təhlilə əsasən, Kremlin real hərbi xərcləri 2025-ci ildə təxminən 250 milyard avro təşkil edib. Bu məbləğ ümumi dövlət xərclərinin təxminən yarısına və ölkənin ÜDM-nin 10 faizinə bərabərdir. Müharibənin əvvəlində isə hərbi xərclər ÜDM-in təxminən 6 faizi səviyyəsində idi.
Almaniya kəşfiyyatında bildirilib ki, bu vəsaitlər təkcə Ukraynadakı müharibənin davam etdirilməsinə deyil, həm də döyüş meydanından kənarda hərbi imkanların genişləndirilməsinə, xüsusilə Rusiyanın şərqində NATO ölkələri ilə sərhədlər boyunca potensialın artırılmasına yönəldilir.
Hesabatda vurğulanır ki, bu rəqəmlər “Rusiyadan Avropa üçün artan təhlükəni açıq şəkildə nümayiş etdirir”.
Qeyd olunur ki, əlavə xərclərin böyük hissəsi – tikinti layihələri, hərbi IT proqramları və hərbi qulluqçular üçün sosial ödənişlər də daxil olmaqla – dövlət büdcəsinin digər maddələrində gizlədilib.
BND-nin məlumatına görə, Rusiyada müdafiə xərcləri NATO-da qəbul edilən anlayışdan xeyli dar çərçivədə hesablanır və Kremlin rəsmi statistik məlumatları sistemli şəkildə təhrif etdiyi bildirilir.
“Moskvanın ötən payız dərc olunan 2026-cı il büdcə planlarında müharibənin başlanmasından bəri ilk dəfə müdafiə xərclərinin azalacağı nəzərdə tutulurdu. Lakin rəsmi olaraq göstərilən 13 trilyon rubl Alman analitiklərinin fikrincə, Kremlin faktiki xərclədiyi məbləğdən xeyli aşağıdır”, – deyə hesabatda qeyd olunur.
Müharibə xərclərinin artması və enerji ixracından gəlirlərin azalması Rusiya hökumətini sosial təminat xərclərini azaltmağa və ƏDV-ni artırmağa məcbur edib. Nəticədə büdcə kəsiri formalaşıb və bu kəsirin həcmi 70 milyard dollardan çox qiymətləndirilir.
Məlumata görə, Rusiyanın dövlət büdcəsi kəsiri 2026-cı ilin sonuna qədər rəsmi hədəf göstəricidən demək olar ki, üç dəfə arta bilər. Buna səbəb Hindistanın Rusiya neftini almağı azaltması və neftə tətbiq olunan ticarət endirimlərinin böyüməsi nəticəsində gəlirlərin azalmasıdır. Eyni zamanda, xərclərin gözləniləndən daha yüksək ola biləcəyi istisna edilmir.
Rusiyanın dövlətə məxsus “Qazprombank” öz proqnozunda bildirib ki, mövcud neft qiymətləri saxlanılarsa, Rusiya Federasiyasının Milli Rifah Fondu bir ildən bir qədər artıq müddətdə tamamilə tükənə bilər.
Samir


