Yeni araşdırmaya görə, Yupiter, alimlərin onilliklərdir qəbul etdiyi ölçülərdən bir qədər kiçik və daha yastıdır. Tədqiqatda, Günəş Sisteminin ən böyük planetinə dair ölçmələr daha dəqiq üsullarla yenidən qiymətləndirilib.
HİT.az xəbər verir ki, tədqiqatçılar NASA-nın "Juno" kosmik aparatından əldə edilən radio məlumatlarından istifadə edərək Yupiterin ölçülərini daha aydın şəkildə hesablayıblar. Ölçmələrdəki fərqlər kiçik olsa da, bu məlumatların Yupiterin daxili quruluşuna dair modelləri və Günəş Sistemi xaricində oxşar qaz nəhənglərinin anlaşılmasını əhəmiyyətli dərəcədə yaxşılaşdırdığı qeyd olunur. Nəticələr 2 fevral tarixində "Nature Astronomy" jurnalında dərc olunub.
Alimlərin Yupiterin ölçüsü və forması haqqında mövcud məlumatları, indiyədək "Voyager 1" və "2" ilə "Pioneer 10" və "11" missiyaları zamanı aparılan altı ölçməyə əsaslanırdı. Təxminən 50 il əvvəl həyata keçirilmiş bu ölçmələr radio siqnalları vasitəsilə aparılmış və uzun müddət standart sayılmışdı.
Lakin 2016-cı ildə Yupiterə çatmış "Juno" kosmik aparatı son iki ildə çox daha çox və detallı radio məlumatları toplayıb. Bu sayədə tədqiqatçılar planetin ölçülərini hər istiqamətdə təxminən 400 metr dəqiqliklə yenidən hesab edə biliblər.
Yeni tədqiqatda komanda "Juno"dan Yerə göndərilən radio siqnallarının Yupiterin atmosferindən keçərkən necə əyildiyini təhlil edib. Planet siqnalı tam mane olmadan əvvəl baş verən bu əyilmələr, Yupiterin güclü küləklərinin planetin formasına necə təsir etdiyini üzə çıxarıb.
Hesablara əsasən, Yupiterin qütblərdən mərkəzə olan radiusu 66.842 kilometr olaraq müəyyən edilib. Bu, əvvəlki ölçmələrlə müqayisədə 12 kilometr kiçikdir. Ekvator radiusu isə 71.488 kilometr hesablanıb və bu da köhnə təxminlərdən 4 kilometr azdır.
Tədqiqatçılar bir neçə kilometrlik bu fərqlərin elmi baxımdan kritik olduğunu vurğulayır. Yupiterin radiusundakı kiçik dəyişiklik belə, planetin cazibə məlumatları ilə atmosfer ölçmələrinin daha uyğun modellərlə izah olunmasına imkan verir.
Yenilənmiş ölçmələrin Yupiterin daxili quruluşunun daha yaxşı başa düşülməsinə töhfə verməsi ilə yanaşı, Günəş Sistemi xaricindəki qaz nəhənglərinə aid müşahidələrin şərh olunmasını da asanlaşdıracağı bildirilib.
Tədqiqat komandası bildirir ki, bu iş planetlərin necə formalaşdığı və zamanla necə təkamül keçirdiyi barədə mühüm məlumatlar təqdim edir. Yupiterin, Günəş Sistemi’nde yaranan ilk planetlərdən biri olduğu düşünülür. Buna görə də planetin daxili dinamikalarını anlamaq yalnız Yupiter haqqında deyil, həm də Yer daxil olmaqla bütün planetlərin mənşəyinə dair ipucları verir.
Samir


