Rusiya İrana milyardlarla dollar nağd pulla dolu qatarları göndərib - KİV

DÜNYA
17:17 / 06.02.2026
47

Rusiya ABŞ-ın keçmiş prezidenti Donald Trampın ilk prezidentlik dövründə Tehrana qarşı sərt sanksiyalar tətbiq etməsindən sonra İran rejimini ayaqda saxlamaq üçün gizli şəkildə milyardlarla dollar nağd vəsait göndərib. 

HİT.az xəbər verir ki, bu barədə "The Telegraph" yazır.

Eyni zamanda, narahatlıqlar var ki, oxşar ödənişlər bu gün də davam edə bilər, çünki İran Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləmək üçün “Shahed-136” kamikadze dronları və “Fath-360” qısa mənzilli ballistik raketləri milyardlarla dollar dəyərində tədarük edir.

"The Telegraph" nəşrinin əldə etdiyi sənədlərə görə, Moskvanın sanksiyalardan yan keçmək üçün istifadə etdiyi “Promsvyazbank” ilk belə pul göndərişini 13 avqust 2018-ci ildə, yəni Trampın İrana qarşı sanksiyalar haqqında fərmanı imzalamasından cəmi bir həftə sonra həyata keçirib.

Bu göndəriş 57,3 milyon dollar dəyərində, 110 kiloqram nağd puldan ibarət olub. Ehtimal edilir ki, pullar əvvəlcə qatarla Astraxan limanına, daha sonra Xəzər dənizi vasitəsilə gəmi ilə İranın Əmirabad limanına, ordan isə yenidən qatarla Tehrana çatdırılıb.

Nağd vəsaitin çəkisi və ümumi məbləği nəzərə alınaraq, onun 500 avroluq əsginaslardan ibarət olduğu güman edilir, baxmayaraq ki, sənədlərdə məbləğ ABŞ dolları ilə göstərilib.

“Bu gizli ödənişlər Rusiya ilə İran arasında əvvəllər düşünüldüyündən xeyli daha dərin münasibətlərin mövcud olduğunu göstərir. Moskva və Tehran sanksiyaları və ənənəvi ödəniş mexanizmlərini aşmaq üçün bu cür üsullardan istifadə edərək İran rejimini maliyyə baxımından ayaqda saxlayıblar”, deyə məqalədə qeyd olunur.

Bayden administrasiyasında İran üzrə xüsusi nümayəndənin baş müşaviri Arian Tabatabai ehtimal edir ki, bu vəsaitlər müxtəlif hərbi alışların ödənişi və ya İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəstəklənməsi üçün istifadə olunmuş ola bilər.

“İlk növbədə bunun silah-sursat, raket sistemləri və ya onların komponentləri ilə bağlı olduğunu düşünərdim”, deyə o bildirib.

Hərbi ekspert Mixail Jiroxov qeyd edir ki, Rusiyanın artilleriya üçün sursatla bağlı problemləri getdikcə dərinləşir və bu səbəbdən ölkə xarici tədarüklərdən daha çox asılı vəziyyətə düşür.

Onun sözlərinə görə, Rusiya sursat çatışmazlığını Şimali Koreya istehsalı olan nümunələrlə kompensasiya etməyə çalışır. Burada əsas məqam 240 və 300 mm-lik qeyri-standart kalibrlərdir.

“Bu kalibrlər nə Rusiyada, nə də başqa yerdə istehsal olunur – yalnız Şimali Koreyada. İrandan tədarük qurmağa çalışdılar, lakin ‘Shahed’ dronlarından başqa sursat məsələsində alınmadı. Ona görə də Şimali Koreyadan asılılıq daha da artacaq. Şimali Koreya demək olar ki, sutka boyu işləyir və Rusiya getdikcə daha çox ondan asılı olacaq”, deyə Jiroxov əlavə edib.

Samir

0