"Airbus" şirkəti 2029-cu ilə qədər dronlardan istifadə və uzaqmənzilli zərbələrin endirilməsi üçün xüsusi hazırlanmış A400M nəqliyyat təyyarəsinin konseptual versiyasını təqdim etməyi planlaşdırır.
HİT.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Yeni təyyarə dronların yerləşdirilməsi üçün modul yükləmə sistemindən istifadə edəcək. “Ana” hava gəmisi 50-yə qədər pilotsuz uçuş aparatı (PUA) daşıya biləcək.
“Biz onları sürü şəklində buraxa bilərik.Bu, indiyədək malik olmadığımız dərin zərbə imkanları qazandıracaq”, deyə A400M proqramının rəhbəri Gerd Veber bildirir.
Əsas A400M modeli müasir, dörd mühərrikli turbovintli təyyarədir. O, ilk uçuşunu 2009-cu ildə həyata keçirib, istismara isə 2013-cü ildən verilib. A400M əvvəlcə taktiki hərbi-nəqliyyat təyyarəsi kimi hazırlanıb. Lakin son illərdə o, bir sıra yeni funksiyalar üçün modernləşdirilib – o cümlədən meşə yanğınlarının söndürülməsi və pilotsuz sistemlərin koordinasiyası üçün.
“Hava aviadaşıyıcısı” konsepsiyası son dövrlərdə, ilk növbədə, pilotsuz texnologiyaların sürətli inkişafı fonunda daha çox populyarlıq qazanır. Daha əvvəl ABŞ və Çin artıq dronlar üçün oxşar aviadaşıyıcı konsepsiyalar üzərində təcrübələr aparmağa başlayıblar.
Məsələn, yaxın vaxtlarda Çin “Jiutian” adlı aparatın ilk uçuşunu həyata keçirib. Bu, tez-tez “uçan dron aviadaşıyıcısı” adlandırılan nəhəng pilotsuz uçuş aparatıdır. Bu aparat 6 tona qədər silah-sursat daşıya bilir. O, idarə olunan bombalar, “hava-hava” sinifli raketlər, gəmiəleyhinə raketlər və kamikadze-dronlar üçün səkkiz asma nöqtəsinə malikdir. Aparatın əsas xüsusiyyətlərindən biri isə füzelaj daxilində 100-dən çox kiçik dron daşımaq qabiliyyətidir.
Samir


