Avropa Ukraynanın dəstəyi naminə vahid və güclü mövqe nümayiş etdirməlidir. Avropalıların Rusiya prezidenti Vladimir Putinə göndərə biləcəyi yeganə siqnal təzyiqin artırılması olmalıdır.
HİT.az-ın məlumatına görə, bunu Ukraynanın xarici işlər naziri Andriy Sibiqa Kiyevdə Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna ilə birgə brifinq zamanı deyib.
Sibiqadan bəzi Avropa liderlərinin Avropanın Rusiya ilə danışıqlara başlamalı olduğu barədə səsləndirdiyi fikirlərə münasibət soruşulub. "Hazırda ABŞ-ın liderliyi ilə əsas danışıqlar xətti mövcuddur", deyə XİN rəhbəri bildirib.
Eyni zamanda, onun sözlərinə görə, Ukrayna layiqli və davamlı sülhə yaxınlaşmağa yönəlmiş bütün səyləri alqışlayır: "Putinə və Rusiyaya müraciət edib əlaqə üçün yalvarmaq, dilə tutmaq olmaz. Bu, yanlış yanaşmadır. Putinin təcriddən çıxmasından söhbət belə gedə bilməz".
Onun fikrincə, Avropa bir səslə danışmalıdır, çünki müharibənin təşəbbüskarı Vladimir Putin Avropanı parçalamağa çalışır: "Bu, onun niyyətidir. Parçalanmış və dağınıq bəyanatlar heç bir müsbət nəticə verməyəcək. Əgər sülh prosesi barədə danışırıqsa, vahid və güclü Avropa mövqeyi olmalıdır".
Sibiqa həmçinin vurğulayıb ki, yumşaltma (appeasement) siyasəti yolverilməzdir.
“Əgər Putinə hər hansı siqnal göndəriləcəksə, bu, təzyiqin artırılması ilə bağlı növbəti addımlar haqqında olmalıdır. O, aqressiyanı davam etdirməyin nəticələrini dərk etməlidir. Rusiyanın təcavüzünü davam etdirməsinə görə, xüsusən də Putin rejimi üçün, qiymət artırılmalıdır”, deyə Sibiqa bildirib.
Ukrayna XİN rəhbəri əlavə edib ki, o, estoniyalı həmkarı ilə Əbu-Dabidə keçirilmiş görüşün nəticələrini və növbəti addımları müzakirə edib: “Razıyıq ki, diplomatiyanın uğuru üçün aqressora təzyiq gücləndirilməlidir”.
Sibiqanın sözlərinə görə, Ukrayna ümid edir ki, Avropa İttifaqının Rusiyaya qarşı 20-ci sanksiyalar paketi Rusiya iqtisadiyyatı üçün son dərəcə ağrılı olacaq. Nazir qeyd edib ki, Rusiya iqtisadiyyatı artıq dərin resessiyaya daxil olur: "Biz həmçinin Estoniyanın Rusiyanın Ukraynaya qarşı təcavüzündə iştirak etmiş şəxslərin Avropaya buraxılmaması mövqeyini dəstəkləyirik. Bu, Aİ səviyyəsində və bütün üzv ölkələrdə hüquqi şəkildə təsbit edilməlidir".
Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna öz növbəsində Avropa İttifaqı səviyyəsində Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin hazırlanması barədə danışıb: "Ümid edirəm ki, Avropa İttifaqı bu paketlə bağlı qərarı 24 fevrala qədər qəbul edə biləcək".
Onun sözlərinə görə, yeni məhdudlaşdırıcı tədbirlər əsasən enerji sektoruna yönələcək. Eyni zamanda, sanksiyaların bir hissəsi Rusiyanın “kölgə donanmasına” aid olan tankerlərlə bağlı olacaq: "Biz təklif etmişik ki, bu tankerlərin hamısı üçün dəniz xidmətlərinə tam qadağa tətbiq olunsun. Bu, Rusiyanın, ən azı Baltik dənizində, eləcə də daha geniş miqyasda, naviqasiyasını ciddi şəkildə çətinləşdirəcək".
Bundan əlavə, bu tankerlərə nəzarət imkanlarının da artırılması gözlənilir. Tsaxknanın fikrincə, bu məsələ Rusiya üçün ekzistensial əhəmiyyət daşıyır, çünki neft və qaz ixracının 60%-i Baltik dənizi vasitəsilə həyata keçirilir.
Samir


