ABŞ ilə İran arasında danışıqların davam etdirilməsinə dair razılıq əldə olunub.
6 fevralda Omanda ABŞ və İran nümayəndə heyətləri arasında görüş keçirilib. Danışıqlara ABŞ-dən Prezidentin xüsusi nümayəndəsi Stiff Uitkoff, İrandan isə xarici işlər naziri Abbas Əraqçi başçılıq edib. 5 saat davam edən görüşdə danışıqların davam etdirilməsi qərarlaşdırılıb. Lakin bu danışıqların məhsuldarlığı və gələcək perspektivləri sual altındadır.
Maraqlıdır, ABŞ-İran danışıqları yenə də yarımçıq qalacaq?
Mövzu ilə bağlı politoloq Aytən Qurbanova Hit.az-a açıqlama verib.
O bildirib ki, danışıqlarda hər iki tərəfin təklifləri və şərtləri kifayət qədər maksimalist olub:
“Buna görə də danışıqlar prosesinin uğursuz şəkildə icra olunduğunu düşünürəm. Omanda keçirilən danışıqlar bir daha onu göstərdi ki, nə İran, nə ABŞ nüvə proqramı ilə bağlı iddialarından və maksimalist tələblərindən geri addım atmaq niyyətində deyil”.
Lakin onun sözlərinə görə, yaxın perspektivdə danışıqların davam edəcəyini və müəyyən ortaq razılaşmaların əldə olunacağını ehtimal etmək olar:
“Çünki hərbi əməliyyatların başlanması və ya genişmiqyaslı müharibə riski hər iki tərəf üçün arzuolunan deyil. Bu səbəbdən də görə istər Vaşinqton, istərsə də Tehran üçün ən əsas optimal variant danışıqların uğurlu davam etməsidir”.
Elmir Mustafa



