ABŞ-ın Minnepolis şəhərində qaradərili Corc Floydu öldürən polis Derek Çauvin, nəhayət ki, həbs edlib.
Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, şəhərin təhlükəsizlik departamentinin müdiri Con Harington ötən gün verdiyi açıqlamada polis Çauvinin Floydun ölümünə görə həbs edildiyini bildirib. Həmçinin bununla bağlı mətbuat konfransı keçiriləcəyi haqda da məlumat verilib.
Xatırladaq ki, mayın 25-də sosial şəbəkələrdə C.Floydun saxta əskinaslarla ödəniş etdiyi şübhəsi ilə saxlanılması ilə bağlı video yayılıb. Videoda ağdərili bir polisin onun qoluna qandal vuraraq yerə yıxdığı və ardından dizini boynuna qoyduğu əks olunub. Videoda Floydun nəfəs ala bilmədiyi, ancaq polisin buna əhəmiyyət vermədiyi və bir neçə dəqiqə sonra yerdə hərəkətsiz qaldığı görünür.
Hadisə ilə bağlı Minnepolis və digər şəhərlərdə, o cümlədən Nyu-Yorkda etiraz aksiyaları keçirilib. Təkcə Nyu-Yorkda aksiyalar zamanı 40 nəfər saxlanılıb, 4 polis isə yaralanıb. Minnepolis şəhərində isə baş verən toqquşmalar üzündən şəhərdə komendant saatı elan olunub.