Alimlər neandertalların yoxa çıxmasını izah edən yeni hipotez irəli sürüblər: əsas səbəblərdən biri hamiləlik zamanı yaranan ölümcül fəsadlar ola bilərdi. Söhbət ana və döl üçün ciddi təhlükə yaradan preeklampsiya və eklampsiya hallarından gedir.
HİT.az xəbər verir ki, tədqiqatın nəticələri "Journal of Reproductive Immunology" jurnalında ("JRI") dərc olunub.
Preeklampsiya plasentanın düzgün implantasiya olunmaması nəticəsində yaranır və dölün qanla təminatının pozulması, inkişafın ləngiməsi, hamilə qadında arterial təzyiqin kəskin yüksəlməsi ilə müşayiət olunur. Ağır hallarda vəziyyət qıcolmalar və yüksək ölüm riski ilə xarakterizə olunan eklampsiyaya keçir.
Tədqiqat müəllifləri qeyd edirlər ki, preeklampsiya unikal bir haldır: 4300-dən çox məməli növü arasında bu vəziyyət yalnız insanda müşahidə olunur. Alimlərin fikrincə, neandertallarda plasentanın implantasiya mexanizmləri insanınkına oxşar olub və buna görə də onlar da bu cür fəsadlarla üzləşə biliblər. Lakin Homo sapiens-dən fərqli olaraq, neandertallarda ağır nəticələrin riskini azaldan təkamül “müdafiə mexanizmləri”nin olmadığı ehtimal edilir.
Müasir insanlarda plasentanın implantasiyasındakı pozuntular əksər hallarda preeklampsiyanın inkişafına gətirib çıxarmır. Bu cür qoruyucu mexanizmlər olmasaydı, müəlliflərin hesablamalarına görə, təhlükəli fəsadların tezliyi hamiləliklərin 10–20 faizinə çata, ilk dəfə ana olan qadınlar arasında ölüm göstəricisi isə təxminən 4 faiz təşkil edə bilərdi. Kiçik və həssas neandertal populyasiyaları üçün bu, kritik amil ola bilərdi.
Genetik məlumatlar da hipotezi dolayı yolla dəstəkləyir. Neandertallara məxsus bəzi gen variantları, o cümlədən H19 geni, hipertoniyanın riskini artıra və preeklampsiya əlamətlərini gücləndirə bilərdi. Ana ilə döl arasında immun qarşılıqlı əlaqəyə cavabdeh olan digər genlər isə plasentanın səthi implantasiyasına şərait yarada bilərdi.
Vəziyyət Homo sapiens ilə çarpazlaşma başlandıqdan sonra daha da ağırlaşmış ola bilər: neandertal analarla hibrid döllər arasında genetik uyğunsuzluq fəsadların riskini əlavə olaraq artıra bilərdi.
Tədqiqatçılar vurğulayırlar ki, bu, neandertalların yoxa çıxmasının yeganə səbəbi deyil. Lakin ana və perinatal ölüm hallarının yüksək olması doğum səviyyəsini ciddi şəkildə azalda və növün məhvinə təkan verə bilərdi. Müəlliflərin fikrincə, məhz bu cür fəsadlardan qoruyan mexanizmlərin təkamül yolu ilə formalaşması Homo sapiens-in uğurunu təmin edən amillərdən biri olub.
Samir


