Düz daşın üzərinə işlənmiş geometrik xətlərdən ibarət gizli bir naxış, əvvəllər məlum olmayan bir Roma masa oyununu xatırladır. Süni intellekt vasitəsilə aparılan minlərlə simulyasiya göstərir ki, daş və ya şüşədən hazırlanmış sürüşdürülən oyun daşlarının bu səthdə buraxdığı izlər, bloklama əsaslı bir oyunla uyğun gəlir. Belə oyunlar Avropada Orta Əsrlərə qədər sənədləşdirilməmişdi.
HİT.az xəbər verir ki, yazılı mənbələr və arxeoloji tapıntılar göstərir ki, Romalılar bir çox masa oyunu oynayırdılar. Bunların arasında, rəqibin daşlarını ələ keçirməyi məqsəd edən “Ludus latrunculorum” adlı əsgər oyunu yer alır. “Ludus duodecim scriptorum” isə on iki işarə oyunu mənasını verir və çox zaman tavla oyunlarının əcdadı hesab olunur. Həmçinin üç işarəni bir xəttdə tamamlayaraq qalib gəlmək prinsipi ilə, günümüzdəki “tic tac toe” oyununa bənzər nümunələr də mövcuddur.
Buna baxmayaraq, haqqında heç nə yazılmamış, iz qoymamış və ya hələ oyun kimi tanınmamış çox sayda oyun mövcud ola bilər. Niderlanddakı “Roman Museum in Heerlen” kolleksiyasında olan və Leiden Universitetindən Valter Krist tərəfindən tədqiq edilən bir daş bu ehtimalı gücləndirir. Ölçüləri 212×145 millimetr olan bu düz daşın üst səthinə geometrik naxış oyulub. Daş, günümüz Heerlen şəhərinin altında yerləşən Roma qəsəbəsi Coriovallumdan tapılıb. İstifadə olunan kireç daş növü isə MS 250–476-cı illər arasında Fransadan idxal edilərək binalarda dekorativ məqsədlə tez-tez istifadə olunurdu.
Krist ilkin olaraq şübhə ilə yanaşıb. Naxış əvvəllər gördüklərinə bənzəmirdi və buna görə muzeydən daşı yaxından araşdırmaq icazəsi alıb. Araşdırma zamanı, səthdə oyulmuş xətlər boyunca daşların itələnmiş olmasına uyğun aşınma izləri aşkar edib. Bu aşınma hər yerdə bərabər deyildi və xüsusilə tək bir diaqonal xətt üzrə daha intensiv idi.
Bu aşınmanın necə meydana gəldiyini başa düşmək istəyən komanda, “Ludii” adlı süni intellekt oyun sistemi istifadə edib. Sistem, iki süni intellekt oyunçusunu qarşı-qarşıya qoyaraq müxtəlif başlanğıc daş sayları və Avropada oynanmış antik oyunlardan törədilmiş 130 fərqli qayda variasiyasına görə minlərlə oyunu simulyasiya etdi. Simulyasiyalara Skandinaviya mənşəli “haretavl” və İtaliyadan “gioco dell’orso” kimi oyunlar da daxil edilib.
Nəticələr göstərir ki, oyunçulardan daha çox daşı olan tərəf rəqibini hərəkətsiz qoymağa çalışdıqda, daş üzərindəki bu unikal aşınma naxışını yaradan doqquz oxşar bloklama oyunu meydana gəlmiş ola bilər. Tədqiqat qrupu bu oyuna indilikdə “Ludus Coriovalli” adını verir. Mənası isə “Coriovallum oyunu”dur. Reading Universitetindən Tim Penn, yekun nəticəyə çatmağın çətin olduğunu bildirir. Amma aparılan analizlərin bu əşyanın həqiqətən bir oyun taxtası ola biləcəyini güclü şəkildə göstərdiyini əlavə edir.
Fribourg Universitetindən Ulrix Şkadler üsulu maraqlı hesab etsə də, inandırıcı saymır. Onun fikrincə, geometrik naxış kifayət qədər müntəzəm deyil və adətən oyun taxtalarında bu naxışın bir neçə nüsxəsi olur. Burada isə tək bir nümunə mövcuddur. Krist bu etirazları başa düşdüyünü bildirir və bəlkə də bunun prototip bir oyun olduğunu və ya normalda torpağa çəkilərək oynandığını, buna görə digər nümunələrin günümüzə çatmadığını deyir.
Avropada bloklama əsaslı oyunlar Orta Əsrlərdən etibarən sənədləşdirilib. Əgər “Ludus Coriovalli” həqiqətən belə bir oyun idisə, bu, bu tip oyunların Avropada tarixini bir neçə əsr geriyə çəkir. Kristin sözlərinə görə, oxşar oyunlar Cənub və Şərqi Asiyada daha erkən mövcud olmuş ola bilər. Roma dövrünə aid bəzi grafitilərdə bloklama oyunlarını xatırladan naxışlar görülür, amma bunları dəqiq tarixləmək çətindir.
Penn arxeologiya ilə süni intellekt üsullarının birgə istifadəsinin digər gizli antik oyunlara da işıq tuta biləcəyini düşünür. O, İsveçrədəki Vindonissa Roma legion düşərgəsində tapılan və X şəklinə bənzər işarələr olan başqa bir mümkün oyun taxtasını nümunə göstərir. Xətlərin kəsişdiyi nöqtələrdə kiçik deşiklər olan bu daş üçün oxşar analizlərin yeni baxış bucağı təqdim edə biləcəyini əlavə edir.
Samir

