Norveç Rusiyanın mümkün hücumunu nəzərə alaraq, Rusiya Federasiyasının ölkənin müəyyən hissələrini ələ keçirməyə cəhd edəcəyi ssenariyə hazırlaşır.
Qaynarinfo xəbər verir ki, bu barədə Norveç Silahlı Qüvvələrinin baş komandanı general Eyrik Kristoffersen "The Guardian"a müsahibəsində bildirib.
Rusiya niyə Norveçə hücum edə bilər?
General izah edib ki, Kremlin məqsədi Kolski yarımadasındakı nüvə arsenalını – Norveç sərhədinə yaxın yerləşən atom sualtı qayıqları və raketləri – qorumaq üçün hərbi yerüstü əməliyyatlara əl atmaq ola bilər.
Kristoffersen vurğulayıb ki, məhz bu güclər ABŞ üçün real təhdid yaradan tək Rusiya resursudur: "Biz bu ehtimalı istisna etmirik, çünki Rusiya hələ də nüvə potensialını və ikinci zərbə imkanlarını qorumaq üçün buna əl ata bilər. Biz şimalın ən ucqar hissəsində məhz bu ssenariyə hazırlaşırıq".
General əlavə edib ki, hazırda Rusiya Norveçi tam işğal etməyi planlaşdırmır, lakin müəyyən ərazilərin ələ keçirilməsi Moskva üçün NATO ilə konflikt zamanı strateji baxımdan vacib ola bilər. Norveç ordusunun hazırlığı həm klassik hücuma, həm də hibrid təhdid və diversiyalara qarşı mübarizəni əhatə edir.
Norveçin Svalbard arxipelaqı ilə bağlı – burada Rusiya yaşayış məskəni mövcuddur və 1920-ci il müqaviləsinə əsasən demilitarizə edilmiş zona statusuna malikdir – Kristoffersen bildirib ki, ruslar müqaviləyə əməl edir və buna görə də Norveç orada hərbi qüvvə yerləşdirməyi planlaşdırmır.
Ukraynadakı müharibəyə toxunan general Rusiya üçün işğal olunmuş ərazilərin saxlanmasının çox baha və yorucu olacağını xəbərdar edib: "Ərazini ələ keçirmək çox vaxt asandır, amma onu saxlamaq çox-çox çətindir. Bütün ekspansionist dövlətlər bununla qarşılaşıb".
Aydın


