Turistlərə Egey dənizində yerləşən gözəl yunan adası Sirosda pulsuz yaşayış, səhər yeməyi və kommunal xidmətlər təklif olunur. Amma bir şərt var: qarşılığında pişiklər üçün sığınacaqda könüllü işləmək və heyvanlara qulluq etmək lazımdır.
HİT.az xəbər verir ki, bu barədə "Express" yazıb.
Siros adası Kikladas arxipelaqına daxildir və burada 1990-cı illərdən etibarən Yunanıstanda pişiklərin qorunması sahəsində pioner sayılan Siros Kats sığınacağı yerləşir. Burada “tut – sterilizə et – qaytar” (TNR) proqramı həyata keçirilir, heyvanların sağlamlığını izləyir və küçə pişiklərinin yerli icma ilə təhlükəsiz şəkildə birgə yaşamasına kömək edir.
Sığınacaq bütün dünyadan könüllüləri qəbul edir, onlara gündəlik heyvan qayğısına qoşulmaq və eyni zamanda Yunan adasında yaşamaq imkanı verir.
Könüllülük üçün tələblər
Təşkilatçılar bildirir ki, fiziki cəhətdən sağlam, yetkin, müstəqil və ən azı bir ay adada qala biləcək şəxslər axtarılır. Könüllülər həftədə beş gün, gündə beş saat işləməlidirlər.
Əsas vəzifələrə daxildir: yerlərin təmizlənməsi, yemək hazırlanması və paylanması, pişik balalarının sosiallaşması və onların təhlükəsiz, qayğıkeş mühitdə saxlanması.
Baytarlıq təcrübəsi və ya vəhşi və yarı-vəhşi pişiklərlə iş bilikləri xüsusi üstünlükdür, lakin proqram hər kəs üçün açıqdır – əsas şərt səmərəli işləmək, çirkdən qorxmamaq və heyvanlarla aktiv qarşılıqlı əlaqədə olmaqdır.
Könüllülər işlərinin qarşılığında pulsuz yaşayış, səhər yeməyi və lazımi xidmətlər əldə edirlər. Bu, tamamilə könüllülüyə fokuslanmağa və eyni zamanda Aralıq dənizi iqlamının dadını çıxarmağa imkan verir. Eyni zamanda digər könüllülərlə birlikdə yaşamaq mədəniyyətlərarası mübadiləyə və dostluq atmosferinin formalaşmasına kömək edir.
Yerli əhalinin münasibəti
Sığınacağın fəaliyyəti yerli əhalinin pişiklərə münasibətinə müsbət təsir göstərib.
"Biz dünyaya göstərmək istəyirik ki, heyvanlara həqiqətən qayğı göstəririk. Onlara münasibətimiz bizim insanlığımız haqqında çox şey deyir", deyə "God’s Little People Cat Rescue" təşkilatının həmtəsisçisi Riçard Bovell bildirib.
Onun sözlərinə görə, ada sakinləri artıq pişiklərə hörmət və hətta qürur hissi ilə yanaşır, əvvəllər olduğu kimi laqeyd və ya düşməncəsinə deyil.
Turizm alternativi
Siros adası tez-tez Santorini və Mikonos kimi məşhur adalara sakit və daha az turist cəlb edən alternativ kimi təsvir edilir. Səyahət bloqçuları Keti və Kork (Intersection Voyage kanalı) son səfərlərində adanın xüsusi atmosferinə diqqət çəkiblər.
"Hər il milyonlarla insan Santorini və Mikonosa gedir. Amma bu adaları ziyarət etdikdən sonra anladıq ki, Yunanıstanda daha az kommersial və tarixi baxımdan zəngin yerlər var", deyə onlar bildiriblər.
Sirosda üç gün ərzində mağara kilsələrini, yerli çimərlikləri, unikal mətbəxi və tanınmış abidələri kəşf ediblər.
"Geri baxanda adada həqiqətən sehrli bir şey vardı. O, avtentiq və rəngarəngdir, yerli əhali isə çox mehriban və səxavətlidir", deyə səyahətçilər əlavə edib.
Necə müraciət etmək olar?
2026 mövsümü üçün könüllülərin qəbul prosesi artıq başa çatıb. Lakin 2027-ci ildə iştirak etmək istəyənlər, qeydiyyat açıldıqdan sonra (sentyabr 2026) rəsmi Siros Kats saytından və ya sığınacağın xəbərlərinə abunə olaraq müraciət edə bilərlər.
Samir


