Aya gedən astronavtları gözləyən gizli təhlükə

DÜNYA
22:53 / 12.02.2026
38

NASA-nın Aya insan göndərmə arzusu olan "Artemis" proqramı bütün sürəti ilə davam etsə də, işlərin arxasında hər zaman hər şey mükəmməl getmir. Mühəndislik möcüzəsi sayılan bu böyük missiyalarda astronavtların Aya səthində təhlükəsizliyi və komfortu hələ də ən böyük müzakirə mövzularındandır.

HİT.az xəbər verir ki, xüsusilə son zamanlarda ortaya çıxan texniki qüsurlar və avadanlıq dizaynı ilə bağlı seçimlər, "Artemis II" buraxılış hazırlıqları zamanı NASA-nı bəzi zəruri, lakin riskli qərarlar verməyə məcbur edib. Məsələn, "Artemis I" missiyası zamanı Orion kosmik gəmisi istilik qalxanı üzərində gözlənilməz aşınmalar müşahidə edildi və bu, qurumun geri dönüş trayektoriyasında riskli bir yeniləmə etməsinə səbəb olub.

Amma əsl sürpriz astronavtların geyinəcəyi yeni nəsil kostyumlarda gizlənib.

Yeni nəsil zirehlərin çəkisi

Yarım əsr sonra Aya enəcək müasir dövrün səyahətçiləri, maraqlı şəkildə, yarım əsr əvvəlki həmkarlarından çox daha ağır yük daşıyacaqlar. "Axiom Space" tərəfindən hazırlanan yeni AxEMU kostyumları dizayn baxımından möcüzə kimi təqdim edilirsə də, həcmlilik baxımından "Apollo" missiyalarındakı əfsanəvi Armstronq kostyumlarını geridə qoyur.

Yer üzündə təxminən 136 kiloqram çəkisi olan bu böyük zirehlər, Ayın aşağı çəkimində belə ciddi fiziki təzyiq yaratmaq potensialına malikdir. “Aşağı çəkimdə sıçrayaraq hərəkət edərkən çəkisinin nə əhəmiyyəti var?” deyə düşünənlər ola bilər; lakin təcrübəli astronavtlar bu fikirlə razılaşmır. Ay yürüşü etmək sadəcə havada üzmək deyil, bədəninizi maksimal səviyyədə zorlayan fiziki bir imtahandır.

Marafondan daha ağır bir təcrübə

Keçmiş astronavt Kate Rubinsə görə, Ayda bir açıq missiya həyata keçirmək ardıcıl bir neçə marafon qaçmaq kimidir. Astronavtlar yuxusuzluqla mübarizə apararkən, gündə doqquz saata qədər bu kostyumların içində qalır və hər gün Ay səthində işləyirlər.

"Artemis III" missiyası üçün planlaşdırılan ssenaridə hər hansı bir nəqliyyat vasitəsi olmayacağı gerçəyi vəziyyəti daha da çətinləşdirir. Astronavtlar bütün alətləri, nümunə qablarnı və ağır həyat dəstəyi sistemlərini öz gücləri ilə daşımaq məcburiyyətində qalacaqlar. Astronavtın özü və arxasında daşıdığı ağır dəstək çantası ilə birlikdə ümumi fiziki yük, Ayın altıda bir çəkimində belə astronavtı tükənmə nöqtəsinə çatdıra bilər.

Yeni kostyumların üstünlükləri

Digər tərəfdən, yeni kostyumların faydalı tərəfləri də var. AxEMU, astronavtın kömək almadan təkbaşına geyinə biləcəyi arxadan girişli dizayna malikdir və hər bədən tipinə uyğun fərdiləşdirilə bilər. NASA və inkişaf etdirici heyət vurğulayır ki, bu kostyumlar ayaq hərəkətlərini dəstəkləyir və üst bədən hərəkət qabiliyyətini artırır.

Amma "Apollo 17" astronavtı Harrison Şmittin illər əvvəl dediyi “yarım çəkim, dörd qat hərəkətlilik” idealdan hələ uzağıq. Hərəkətlilik artsa da, kütlənin bu qədər artması astronavtların Aydakı dözümlülüyünə necə təsir edəcək, hələ tam bilinmir.

Samir
 

0